Ermənistan parlamentinin dünən keçirilən iclasında müxalifətdə olan “Ermənistan” fraksiyasının deputatı Aqvan Vardanyan baş nazirin müavini Suren Papikyana “Paşinyan Xankəndiyə niyə getmir?” sualını verib.
O, Ermənistan prezidenti, baş naziri və spikerinin 1 ildən çoxdur ki, Qarabağa getmədiklərini xatırladıb.
Baş nazirin müavini isə bu vaxta qədər Qarabağa bir çox dövlət məmurlarının səfər etdiyini xatırladıb. O lazım gələrsə, səfərlərin davam etdiriləcəyini deyərək, suala birbaşa cavabdan yayınıb.
Bu barədə Bakıvaxtı.az-a danışan Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, deputat Razi Nurullayev bildirib ki, 44 günlük müharibə dövründə Paşinyan əmin oldu ki, Qarabağ Ermənistana aid ərazi deyil:
“O, anladı ki, bu otuz ildə edilən bütün səylər əbəs olub və bir göz qırpımında hər şey əldən çıxdı. Əlavə olaraq, Paşinyan özü də ir çox fikirlərində qeyd edib ki, hakimiyyətə gəldiyi cəmi iki il yarım idi, Qarabağ əldən getdi. Paşinyan həmçinin bildirib ki, bu otuz ildə ondan əvvəlki sələfləri də Qarabağın erməniləşdirilməsi üçün heç bir addım atmayıb. Heç Ermənistan özü Qarabağı ayrıca dövlət kimi tanımamışdı. Onlar gözləyirdi ki, birinci Azərbaycan Qarabağı tanısın, sonra onlar. Nə qədər absurd bir düşüncəyə malik olublar və daşı daş üstündə qoymayıblar. Azərbaycan da sürətlə işğaldan azad edilən əraziləri bərpa edir, infrastrukturunu yaradır və bütün bunların fonunda görürlər ki, Qarabağ heç bir zaman Ermənistanın ola bilməz”.
“Mən hesab edirəm ki, Paşinyan vəziyyəti daha da gərginləşdirməmək, ermənilərə ümid verməmək üçün Qarabağa, Xankəndiyə səfər etmir. Əslində o, istəsə Xankəndiyə gələ bilər. Təbii ki, Azərbaycan buna etiraz edər. Lakin Paşinyan yalandan danışıqlar aparmaq bəhanəsini gətirərək Qarabağa səfər edə bilər. Lakin qeyd etdiyim kimi, Paşinyan ermənilərdə o ümidi yaratmamaq üçün, özünün də əminliyi olmadığı üçün bu səfəri etmir” – deyə, deputat bildirib.
Nuranə Daxilqızı
















