• Bakı 22° C

    0.5 m/s

  • USD - 1.7

    EUR - 1.8284

    RUB - 0.0198

Pezeskian prezident seçilsə, heç nə dəyişməyəcək - Zaur Bayramlı yazır
YAZARLAR
29 Iyun 2024 | 18:18

Pezeskian prezident seçilsə, heç nə dəyişməyəcək - Zaur Bayramlı yazır

Güney Azərbaycan məsələsini, ümumiyyətlə İranı dərindən bilməyən bir çox soydaşımız Məsud Pezeşkian məsələsinə görə bihudə həyəcan içinə giriblər.

Əzizlərim, birincisi İranda heç bir prezident dövlətin siyasətini fundamental şəkildə dəyişdirə bilməz - bu mümkün deyil. Hətta heç kosmetik şəkildə də dəyişdirə bilməz - ali rəhbərin razılıq və təlimatı olmadan. 

İranda prezidentlər sadəcə ali liderin təlimat, tapşırıq və qərarlarının icrasıdırlar və bu posta namizədliyini verən hər bir kəs rejimin, onun rəhbərinin kuklası olmağı bəri başdan öhdəlik olaraq qəbul edir, başqa cür mümkün deyil.

İkincisi də Pezişkianın seçilməsi durumunda bu, Güney Azərbaycan məsələsinə fayda yox, zərər verər və Güneyin istiqlalını xeyli geriyə atar. 

Niyə?

Çünki çoxlarında yanlış olaraq belə bir təsəvvür var ki, İranın ali lideri Seyid Əli Xamaneyi türkdür - azərbaycanlıdır. Əslində isə bu, belə deyil - o, Təbrizə yaxın Xamnə qəsəbəsində anadan olsa da, babaları Məşhəddən Xamnəyə köç etmiş farslardır və özü də bunu dəfələrlə deyib. Buna görə də onun Azərbaycan türkcəsində bilməsini əsas gətirərək azərbaycanlı - türk olduğunu iddia etmək əsasən məlumatsızlıqdan doğan yanlışdır (Bəziləri isə əsl həqiqəti bildikləri halda bu yalanı yaymaqda maraqlıdırlar - "İranda türklərin hüquqları tapdalanır" iddiasının tərəfdarlarının "dilini qısa etmək" üçün). 

İndi Pezeşkianın da seçilməsi durumunda Azərbaycan xalqı və dövləti başda olmaqla "İranda Güney azərbaycanlılar başda olmaqla, türklərin hüquqları pozulur" haqlı iddia və tezisi sahiblərinin qarşısına rəqiblərimiz "Əgər İranda türklərin hüquqları pozulursa, o zaman necə olur ki, azərbaycanlılar (türklər) ölkənin həm ali lideri, həm də prezidenti səviyyəsinə yüksələ bilirlər?" antitezisi ilə çıxacaqlar ki, bu da həm bizim əlimizi zəiflədə, həm də yuxarıda qeyd etdiyim kimi, bizim millət olaraq strateji (əslində isə Bütöv Azərbaycan çərçivəsindən baxdığımızda taktiki) hədəfimiz olan Güney Azərbaycanın istiqlalını müəyyən müddətə də olsa gecikdirə bilər.

Ona görə də "Həsən keçəl, yoxsa keçəl Həsən" məsələsi üzərində çox da baş sındırmağa, vaxt itirməyə ehtiyac yoxdur.


SON XƏBƏRLƏR

01 Iyul 2024