• Bakı C

    6.18 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1629

Piramida olmadığı deyilir, amma... - "QNet Azərbaycan"la bağlı REALLIQLAR

CƏMİYYƏT

10 Mart 2026 | 11:02

Piramida olmadığı deyilir, amma... - QNet Azərbaycanla bağlı REALLIQLAR

Azərbaycanda fəaliyyət göstərən QNet şirkətinə qarşı şikayətlərin sayı son dövrlərdə əhəmiyyətli dərəcədə artıb.

Bakıvaxtı.az-ın məlumatına görə, şirkət özünü çox səviyyəli marketinq (MLM) platforması kimi təqdim etsə də, zərərçəkmişlərin təcrübəsi onun fəaliyyətinin piramida sxeminə bənzədiyini göstərir.

Real qazancın çox az hallarda mümkün olduğu iddia edilir, əsas gəlir isə yeni üzvlərin cəlb edilməsindən əldə olunur.

Başlarına gələn problemlə bağlı Bakıvaxtı.az-a müraciət edən anonim iki şikayətçi QNet-ə qoşulduqları üçün ciddi maddi zərər gördüklərini bildiriblər. Onların sözlərinə görə, şirkət üzvlərə qısa müddətdə böyük qazanc vəd etsə də, reallıq tamamilə fərqlidir. Hər iki şəxs QNet-ə qoşulmaq üçün bank kreditləri və şəxsi vəsaitlərini qoyublar. Lakin sonradan heç bir real gəlir əldə edilməyib, qoyulan pul geri qaytarılmayıb.

Zərərçəkmişlər qeyd edirlər ki, QNet üzvlərə gəlir qazandırmaq üçün əsas olaraq yeni üzvlərin cəlb edilməsini tələb edir. Məhsulların satışından əldə olunan gəlir isə minimaldır və üzvlərin xərclədiyi pulları kompensasiya etmir.

Onlar iddia edirlər ki, şirkətin təqdim etdiyi bahalı paketlər, qızıl və brilyantla bəzədilmiş saatlar  reklamda göstərildiyi kimi deyil və real dəyəri çox aşağıdır.

Zərərçəkmişlərin sözlərinə görə, məhsulların qiyməti və onların əldə etdiyi fayda arasında ciddi fərq var. Bu, bir çox üzv üçün əlavə maddi zərərə səbəb olub.

Şikayətçilər bildirirlər ki, QNet nümayəndələri şirkətə olan etibarı artırmaq məqsədilə Azərbaycanın nüfuzlu şəxslərinin adlarından və təsdiqlərindən istifadə ediblər. Belə hallarda insanların inamı artırılır və daha çox şəxsi maliyyə yatırmaq üçün motivasiya yaranır.

Onu da vurğulayaq ki, beynəlxalq ekspertlər də QNet-in əsas gəlir mənbəyinin yeni üzvlərin cəlb edilməsi olduğunu vurğulayır, məhsul satışları isə ikinci planda qalır. Bu səbəbdən şirkətin fəaliyyətini piramida sxemi xarakterli hesab edən ekspertlərin sayı çoxdur.

Şikayətçilər oxucuları xəbərdar edir ki, QNet Azərbaycanda qanuni və etibarlı biznes platforması deyil.

Məsələ ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən hüquqşünas Zübeyir Bağırzadə bildirib ki, hər hansı çox səviyyəli marketinq (MLM) şirkətinə qoşulmazdan əvvəl vətəndaşlar çox diqqətli olmalıdırlar. Onun sözlərinə görə, bu cür şirkətlərdə əsas gəlir modeli tez-tez yeni üzvlərin cəlb edilməsinə əsaslandığından, real qazancın təminatı yoxdur və üzv ciddi maliyyə riskləri ilə üzləşə bilər.

Z.Bağırzadə əlavə edib ki, insanlar ilk növbədə şirkətin fəaliyyət qaydalarını ətraflı öyrənməli, müqavilə şərtlərini diqqətlə analiz etməli və hər hansı anlaşılmaz məqam barədə hüquqi məsləhət almalıdırlar. O vurğulayıb ki, bir çox hallarda MLM şirkətləri üzvləri yüksək gəlir vəd edərək cəlb edir, lakin sonradan məhsul satışlarından və ya biznes fəaliyyətindən real gəlir əldə etmək mümkün olmur.

Hüquqşünas həmçinin qeyd edib ki, maliyyə risklərinin qiymətləndirilməsi həyati əhəmiyyət daşıyır. İnsanlar şəxsi vəsaitlərini və ya bank kreditlərini belə şirkətlərə yatırmazdan əvvəl itirilə biləcək vəsaitin miqdarını və nəticələrini real şəkildə dəyərləndirməlidirlər. Eyni zamanda, yeni üzvlərin cəlb edilməsinə əsaslanan gəlir modellərindən ehtiyat etmək vacibdir, çünki bu cür modellər qanuni çərçivədə ciddi mübahisələrə və zərər riskinə yol aça bilər.

Z.Bağırzadə xəbərdarlıq edib ki, belə şirkətlərlə bağlı həm yerli, həm də beynəlxalq şikayətlər və məhkəmə halları mövcuddur. Buna görə vətəndaşlar heç bir halda yalnız reklam vədlərinə əsaslanaraq qərar verməməli, hüquqi və maliyyə risklərini tam qiymətləndirməlidirlər.

Hüquqşünasın sözlərinə görə, maarifləndirmə və məlumatlı qərar vermək bu cür hallarda ən etibarlı müdafiə vasitəsidir:

“İnsanlar bu tip şirkətlərə qoşulmazdan əvvəl həm şirkətin fəaliyyəti, həm də gəlir və itki modelləri barədə dolğun məlumat toplamalıdır. Bu, sonradan ciddi maddi zərərlərin qarşısını almağa kömək edəcək”.

Beləliklə, onu demək olar ki,  QNet Azərbaycanda üzvlərinə qazanc vəd edən, lakin real dəyər yaratmayan sistem kimi qiymətləndirilir.

Zərərçəkmişlərin təcrübəsi göstərir ki, bu tip şirkətlərlə bağlı diqqətli olmaq, hüquqi və maliyyə risklərini tam qiymətləndirmək vacibdir.

Əli Hüseynov


SON XƏBƏRLƏR

09 Mart 2026