ABŞ administrasiyası Rusiya, ABŞ, Çin, Hindistan və Yaponiyanın iştirak edəcəyi və Yeddilik Qrupuna (G7) alternativ olaraq planlaşdırılan yeni ittifaq yaratmaq imkanını müzakirə edir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.
Qeyd edilib ki, Vaşinqtonda Core 5 (C5) adlı yeni birliyin yaradılması ilə bağlı qeyri-adi görünən ideyanın müzakirələri başlayıb.
"Defense One" bu barədə planın yenilənmiş Milli Təhlükəsizlik Strategiyasının dərc olunmamış versiyasına daxil edildiyini iddia edib. Portalın məlumatına görə, Tramp administrasiyası G7-nin tələb və şərtlərindən asılı olmayaraq yeni alyans yaratmağı düşünür. C5 gündəminin ilk bəndi Yaxın Şərq nizamlanması, xüsusilə də İsrail və Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşdırılması ola bilər.
Ağ Evin mətbuat katibinin müavini Anna Kelli "Politico"ya belə bir niyyətin mövcudluğunu təsdiqləməkdən imtina edib, lakin milli təhlükəsizlik ekspertləri C5-in yaradılmasının hazırkı administrasiyanın maraqlarına uyğun olacağını qeyd ediblər.
Zeynəb Rzayeva
Bakı 



