Kənd təsərrüfatı məhsullarındakı qiymət artımı əhalinin narazılığına səbəb olan əsas amillərdəndir. Bir sıra ekspertlər bahalaşmanı idxal olunan mallarla əlaqələndirir. Belə ki, xaricdəki qiymət artımı birbaşa Azərbaycana da öz təsirini göstərir.
Bəs hansı kənd təsərrüfatı məhsulları ixrac olunur?
İqtisadi ekspert Natiq Cəfərli Bakıvaxtı.az-a bildirib ki, Azərbaycandan daha çox xaricə kənd təsərrüfatı məhsulları ixrac olunur:
“Buna daha çox meyvə-tərəvəz aiddir. İxrac olunan məhsullar içərisində pomidor üstünlük təşkil edir. Bundan əlavə, xiyar, pambıq lifi də çox ixrac olunan məhsullar sırasındadır. Bu, daxildəki qiymət artımına müəyyən mənada təsir edir”.
Maraqlıdır, belə olan halda, pomidorun qiymətindəki artım başadüşüləndirmi?
Ekspertin sözlərinə görə, təbii olaraq məhsulun ixracı artıqca, daxildəki bazara da öz təsirini göstərir:
“Yəni, istehsalın həcmi məhdud olanda qiymət artımı baş verir. Daxili bazarda məhsul azalanda onun qiymət artımı başadüşüləndir. Bundan əlavə, pomidorun qiymətindəki artım mövsümlə də əlaqəlidir”.

N.Cəfərli bildirib ki, lakin daxildəki qiymət artımlarının bundan da fərqli səbəbləri var:
“Qiymət artımını əsasən dünyada gedən proseslərlə əlaqələndirmək olar. Yəni, son iki ildə dünyada ərzaq indeksi kifayət qədər artıb. Son iki ayda isə Rusiya-Ukrayna müharibəsi başlayandan sonra da, bahalşama özünü göstərdi. Həm də daxildəki xroniki səbəblər, azad və rəqabətli mühitin olmaması qiymətlərin artımına təsirini göstərir. Nə qədər ki, yerli istehsal sayı artırılmır, bu, elə problem olaraq da qalacaq. Çünki bir çox ölkələr daxili bazarını qorumaq üçün başqa ölkələrə ixracda məhdudiyyətlər gətirirlər. Azərbaycanda yerli istehsal artmalıdır ki, bu problemin aradan qalxması üçün fürsət yaransın”.
Nuranə Daxilqızı
















