Son zamanlar ölkədə məşhurlaşan “Poz, qazan” lotereyası ilə bağlı şikayətlər artıb.
Bakıvaxtı.az xəbər verir ki, hər gün avtobus dayanacaqlarında, metro çıxışlarında satılan “Qızıl 2”, “Şans ulduzu” və “Brilliant” ani lotereyaları xüsusilə kasıb təbəqədən olan vətəndaşların aldığının şahidi oluruq.
Sosial mediada yazılan məlumatlara görə, “Azərlotereya” ASC tərəfindən keçirilən bu oyunlarda vətəndaşlar müxtəlif yollarla aldadılır, onlara ümid verilir. Onlara külli miqdarda pul udacağı deyilsə də nəticə etibarilə burda tək bir udan var, o da bu xidməti göstərən təşkilatdır.
Məsələ ilə bağlı 8 aprel 2022-ci ildə “Azərlotereya” ASC-nin PR müdiri Seymur Teymurov informasiya sorğusu göndərilib. O, sorğuya cavab veriləcəyini bildirsə də, cavab verilməyib.
“İnformasiya əldə etmək haqqında” qanunun 24-cü maddəsində əsasən informasiya sorğusu ən qısa müddətdə, lakin 7 iş günündən gec olmayaraq icra edilir.
Həmin qanunun 25-ci maddəsinə əsasən informasiya sahibi həddən çox sorğu aldıqda və bu səbəbdən informasiyanı hazırlamaq üçün əlavə vaxt tələb olunduqda və ya sorğunun mahiyyətini dəqiqləşdirmək, yaxud informasiyanın aydınlaşdırılması üçün çoxsaylı sənədləri araşdırmaq lazım gəldikdə, o, bu Qanunla nəzərdə tutulmuş icra müddətini əlavə olaraq 7 iş günü də uzada bilər.
İnformasiya sahibi sorğuçuya müddətin uzadıldığı barədə səbəblərini göstərməklə 5 iş günü ərzində məlumat verir.
Ramid İbrahimov
Bakı 




