Fransa və ABŞ-ın Azərbaycandakı səfirləri bu gün Şuşaya təşkil edilən səfərdə iştirak etmirlər. Onlar Azərbaycan hökumətinin dəvətinə açıq şəkildə etinasızlıq göstərdilər.
Bakıvaxtı.az xəbər verir ki, bunu Şuşada jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Prezidentin köməkçisi hazırda Şuşada dünyanın dörd bir tərəfindən nümayəndələrin konfransda iştirak etdiklərini deyib: “Gördüyünüz kimi, burada çoxsaylı dövlətlərin nümayəndələri iştirak edir. Avropa, Asiya, Latın Amerikası ölkələri - Qvatemala, Panama, Argentina, həmçinin Afrika ölkələri - Uqanda, Çad və digər ölkələr, eyni zamanda, Avstraliya və Okeaniya regionu ölkələrinin təmsilçiləri bu gün buradadır. Və bu iştirak onlar üçün də kifayət qədər maraqlıdır. Həqiqətən, Azərbaycan tərəfindən qısa müddətdə həyata keçirilən rekonstruksiya layihələrinə bizim diplomat dostlarımız və həmkarlarımız təəccüblərini gizlədə bilmirlər. Bütün bunların qısa dövr ərzində həyata keçirilməsi çox böyük maraqla qarşılanıb”.
H.Hacıyev ABŞ və Fransanın ölkəmizdəki səfirliklərinin təmsilçilərrinin tədbirə qatılmamasını başa düşmədiyini bildirib: "Düzdür, Şuşa şəhərinin məhz o ölkələrin iştirakına ehtiyacı yoxdur. Gələ də bilərlər, gəlməyə də. Yəni ki, bundan sonra biz onları heç dəvət də etməyəcəyik. Amma onların gəlməməsi bir daha da Minsk qrupu çərçivəsində və Minsk qrupunun yenidən bərpası və reanimasiyası haqqında bəzi bəyanatlarla çıxış etməsi onların 30 illik danışıqlar prosesi çərçivəsində hansı missiyanı həyata keçirməsini bir daha göstərir. Onlar Azərbaycanın ərazi bütövlüyünümü, yoxsa Şuşa şəhərində olan yenidənqurma və bərpa işlərinimi həzm edə bilmirlər, başa düşmək olmur. Ona görə də ilk növbədə, onlar Azərbaycan xalqı qarşısında cavab verməlidirlər. Əgər onlar özlərini Azərbaycana dost ölkə hesab edirlərsə, bilməlidirlər ki, Şuşa Azərbaycan xalqı üçün böyük bir dəyərdir, Şuşa Azərbaycan xalqının göz bəbəyidir, hər bir Azərbaycan vətəndaşının qəlbində olan bir şəhərdir. Onların bura gəlməməsi bir daha da danışıqlar prosesində 30 illik dövrdə - hansı ki Azərbaycanın vaxtını aldı - hansı məqsədlərə qulluq etməsini və nələrdə maraqlı olduqlarını göstərir”.





jpg-1664184359.webp)










