"Oyuncaq seçimi zamanı həm valideynin, həm də uşağın fikirlərinin nəzərə alınması uşağın psixoloji inkişafı və ailədaxili münasibətlər baxımından mühüm əhəmiyyət daşıyır".
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin psixoloqu Elnarə Baxışlı nazirliyin “Instagram” hesabında keçirilən canlı yayım zamanı deyib.
Onun sözlərinə görə, valideynlər oyuncaq seçərkən əsasən təhlükəsizlik, yaşa uyğunluq və qiymət kimi meyarlara diqqət yetirirlər, uşaqlar isə seçimlərini maraq və həvəslərinə əsasən edirlər.
Psixoloq bildirib ki, ən doğru yanaşma oyuncağın valideyn və uşaq tərəfindən birlikdə seçilməsidir. Valideyn uşağın istəyini aqressiv və ya emosional şəkildə rədd etməməli, əksinə, onun niyə məhz həmin oyuncağı istədiyini öyrənməyə çalışmalıdır.
Elnarə Baxışlı qeyd edib ki, uşağın seçdiyi oyuncaq onun maraq dairəsi və dünyagörüşü haqqında mühüm ipucları verə bilər.
“Məsələn, uşaq mikroskop istəyə bilər. Valideyn bunu mənasız hesab etsə də, əslində uşaq araşdırma aparmağa və ətraf aləmi öyrənməyə maraq göstərir. Bəzən isə reklamların təsiri ilə müəyyən oyuncaqları istəyirlər. Bu zaman valideyn həmin oyuncağın uşağın psixoloji inkişafına və sosial münasibətlərinə necə təsir göstərə biləcəyini qiymətləndirməlidir”, – deyə o vurğulayıb.
Psixoloq əlavə edib ki, valideyn və uşaq arasında qarşılıqlı anlayış və dialoq oyuncaq seçimində ən vacib amillərdən biridir.
Zeynəb Rzayeva
Bakı 



