• Bakı 11° C

    3.38 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Qadın sürücülər tərəfindən törədilən qəzaların SAYI AÇIQLANDI

HADİSƏ

16 Fevral 2022 | 12:46 | Müəllif: Qalib İbrahimoğlu

Qadın sürücülər tərəfindən törədilən qəzaların SAYI AÇIQLANDI

"Aparılan təhlillər qadın sürücülər arasında qayda pozuntusuna meyilli şəxslərin az olmadığını göstərir. Elə özümüz də yollarda hərəkətdə olarkən bəzən sükan arxasında olduqlarını unudub güzgüyə baxa-baxa kosmetik vasitələrdən istifadə edən, saçını düzəldən, mobil telefona başı qarışan, yolun hərəkət hissəsinin sol zolağında aşağı sürətlə hərəkət edərək süni sıxlıq yaradan və başqa qayda pozuntularına yol verən qadın sürücülərin şahidi oluruq".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) qadın sürücülərə xəbərdarlığında yer alıb.

Qeyd olunub ki, statistik rəqəmlər də deyilənləri təsdiq edir: "Məsələn, 2021-ci il ərzində yolda müəyyən edilmiş sürət həddini aşmağa görə xüsusi texniki vasitələrin köməyi ilə real vaxt rejimində 84381 qadın sürücü barəsində elektron qərar çıxarılıb. Bundan başqa, təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə 5494, yolayrıcını keçmə qaydalarının pozulmasına görə 1363, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə 1257, araməsafəsi qaydalarının pozulmasına görə 528, nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə 383, nəqliyyat vasitəsinin hərəkəti zamanı telefonu əldə saxlamaqla ondan istifadə etməyə görə 192, nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə edilməsinə görə 40 nəfər qadın sürücü barəsində inzibati tənbeh tədbirləri tətbiq edilib".

Xəbərdarlıqda bildirilir ki. təkcə ötən il ərzində qadın sürücülər tərəfindən törədilmiş ümumilikdə 28 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, həmin qəzalarda 17 nəfər həyatını itirib, 18 nəfər isə yaralanıb.

"Ölümlə nəticələnən qəzalardan cəmi 1-i sürücülük təcrübəsi 10 ildən yuxarı olan qadın sürücü tərəfindən törədilmişdirsə, digər hadisələr sürücülük təcrübəsi 9 ilədək olan qadın sürücülərin təqsiri səbəbindən baş verib. Hər bir ailənin doğma üzvü, cəmiyyətin təkanverici qüvvəsi olan neçə-neçə qadının məsuliyyətə cəlb olunaraq ailəsindən, doğmalarından ayrı, bəzən hətta azyaşlı övladları ilə birlikdə məhkumluq həyatı yaşamasını təsəvvür etmək belə olduqca ağrılıdır", - deyə BDYPİ-nin xəbərdarlığında bildirilib.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026