Havalar isindikcə qaplı məkanlarda tibbi maskadan istifadədə müəyyən çətinliklər yaranır. Əksəriyyət, ümumiyyətlə, maskadan istifadə etməyin mənasız olduğunu düşünür.
İnfeksionist Mərdan Əliyev də Bakıvaxtı.az-a bildirib ki, maskaların istifadəsi bir çox yerlərdə ləğv olunmalıdır: “Hazırda iri ticarət mərkəzləri, kafelər və restoranlarda maskadan istifadə olunmasının bir əhəmiyyəti yoxdur. Çünki yoluxma sayı çox azdır, belə yerlərdə yoluxma ehtimalı da sıfıra yaxındır”.
Onnu sözlərinə görə, amma avtobuslarda pik saatlarda sıxlıq çox olur, insanlar bir-birinə söykənir, belə hallarda maskadan istifadə olunmalıdır: “Nəzərə alsaq ki, marşrut avtobuslarında xəstə olduğu halda məcburi işə gedənlər olur. Həmin xəstə virusu asanlıqla digərlərinə yoluxdura bilər. Ona görə də ictimai nəqliyyatda maskalardan istifadə olunması saxlanıla bilər”.
Həkim deyib ki, xəstəxanalarda da yoluxma riski olduğu üçün tibbi maskadan istifadə saxlanıla bilər: “Ümumiyyətlə, maskaların istifadə olunması həm də gigiyenik məsələdir. Ona görə də, bəzi yerlərdə maskaların istifadə olunması koronavirusdan asılı olmayaraq, saxlanıla bilər. Məcburi olması düzgün deyil, amma tövsiyə xarakterli ola bilər”.
Aytac Aslan
















