BMT Təhlükəsizlik Şurasının Kəlbəcərin işğalı ilə bağlı qəbul etdiyi qətnamələrin 30 ilə yaxın müddət ərzində icra olunmaması, beynəlxalq hüququn və təşkilatların fəaliyyətindəki bir sıra fundamental çatışmazlıqların nəticəsidir.
Kəlbəcər və digər işğal altındakı Azərbaycan torpaqları ilə bağlı qəbul edilən qətnamələrin yerinə yetirilməməsi, həm də BMT-nin və digər beynəlxalq təşkilatların siyasi və hüquqi mexanizmlərinin zəifliyindən, habelə daimi üzvlərin güclü siyasi maraqlarından qaynaqlanır.
ATƏT-in Minsk qrupu, başda Fransa, Rusiya və ABŞ olmaqla, münaqişənin həlli istiqamətində aparılan danışıqlarda əslində daha çox bir "status-kvo"nun qorunmasına çalışıb, həll prosesini dondurmaq məqsədini güdüb. Bu, həmçinin bu ölkələrin regionda öz geosiyasi maraqlarını ön plana çıxarması ilə əlaqədar olub. Minsk qrupunun fəaliyyəti, zamanla münaqişənin həllinə deyil, sadəcə olaraq münaqişənin daha da dərinləşməsinin qarşısını almağa yönəlmişdi. Əslində, bu yanaşma münaqişənin dinamikasını dəyişdirməkdən çox, mövcud vəziyyətin süründürülməsinə səbəb oldu.
Məsələni Bakıvaxtı.az-a şərh edən politoloq Kazım Kazımov bildirib ki, Kəlbəcər və digər rayonlarımızın işğalından sonra BMT tərəfindən qəbul edilən qətnamələrin heç biri icra olunmadı. Bu məsələnin yerinə yetirilməsi yalnız Azərbaycan dövlətinin siyasi iradəsi və Azərbaycan ordusunun parlaq qələbəsi ilə mümkün oldu. Bunun bir neçə səbəbi var:
"Birincisi, BMT-nin öz mexanizmlərində ciddi problemlər mövcuddur. BMT bu gün münaqişələrin qarşısının alınmasında və həllində artıq effektiv rol oynamır. Əslində, biz bilirik ki, Birinci Dünya müharibəsindən sonra yaradılan Millətlər Cəmiyyətinin yerinə qurulan BMT-nin məqsədi dünyada sülhü təmin etmək idi. Lakin BMT-nin dünyada heç vaxt sülhü təmin edəcək real qüvvəsi olmamışdır. Bu, onun daxili iş mexanizmlərinin zəifliyindən qaynaqlanır".
Onun sözlərinə görə, BMT-də ən çox qərarların alınmasında daimi üzvlərin siyasi maraqları mühüm rol oynayır. Əgər bu maraqlar uyğun gəlirsə, münaqişələr həll edilir, amma əks təqdirdə heç bir irəliləyiş olmur. Təəssüflər olsun ki, Azərbaycan torpaqları işğal altında qalarkən bu mexanizm heç bir nəticə vermədi.
Kazım Kazımov: Azərbaycan ordusu BMT-nin normalarına sadiq qalaraq öz torpaqlarını azad etdi
Politoloq onu da əlavə edib ki, ATƏT-in Minsk qrupu da 30 ilə yaxın müddət ərzində demək olar, heç bir real nəticə əldə etmədi. Hətta bu qrupun fəaliyyəti də çox zaman formal xarakter daşıdı:
"Azərbaycanın hərəkətləri buna qarşı reaksiya verdi, ölkəmizin diplomatiyası, ordusu və siyasi hakimiyyəti gücləndi. Nəticədə, Azərbaycan ordusu BMT-nin normalarına sadiq qalaraq öz torpaqlarını azad etdi və ermənilər Kəlbəcəri də boşaltmağa məcbur oldular. Bu, Azərbaycan dövlətinin beynəlxalq hüququn prinsiplərinə uyğun bir addım atması idi".
Müsahibimiz diqqətə çatdırıb ki, Kəlbəcər artıq tamamilə azaddır və bu rayonun inkişafı çox sevindiricidir. Kəlbəcərli məcburi köçkünlər öz doğma yurdlarına qayıdırlar. Bu, həm də bir gerçəklikdir ki, işğal altında olan bu torpaqlar sadəcə coğrafi ərazi deyil, həm də çox dəyərli sərvətlərin mərkəzi idi:
"Kəlbəcərdəki qızıl mədənləri, isti su kurortları, mineral su kimi təbii zənginliklər ölkəmiz üçün çox böyük əhəmiyyət kəsb edirdi. Kəlbəcərin azad edilməsi ölkənin iqtisadiyyatına və digər sahələrə böyük bir töhfə verəcək".
Əli Hüseynov