İsrail qüvvələri Qəzza zolağının şimalında geri çəkildikləri ərazilərə yenidən daxil olub.
Bakıvaxtı.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, nəticədə, Qəzza şəhərinin Şucayya, əl-Tuffah məhəllələri və Senafur bölgəsində, Cibaliyanın Cəbəl-Rəys, Beyt Hanun əl-Sikke və Beyt-Ləhiyyənin Um ən-Nəsr kəndində İsrail qüvvələri ilə Fələstin müqavimət qrupları arasında toqquşmalar yenidən başlayıb.
İsrail qüvvələri ərazilərə daxil olmamışdan əvvəl sözügedən əraziləri intensiv artilleriya və hava zərbələri ilə vurub. Şahidlər bombardmandan sonra çoxlu ölü və yaralı olduğunu bildiriblər.
Qeyd edək ki, İsrail ordusu sözügedən bölgələrdən yanvarın əvvəlində geri çəkilib.
İsrailin müdafiə naziri Yoav Qallant dünən verdiyi açıqlamada "İsrail ordusu daha əvvəl Qəzzada quru əməliyyatının 3 ay davam edəcəyini açıqlamışdı və bu mərhələ Qəzzanın şimalında sona çatıb" demişdi.
Günəş Mərd
















