Xəbər verdiyimiz kimi, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) COVID-19 pandemiyası ilə əlaqədar məsciddə və digər ibadət yerlərində riayət olunmalı qaydaları açıqlayıb. Bu qaydalar ictimaiyyət tərəfindən bir mənalı qarşılanmayıb.
Belə ki, yalnız COVID-19 pasportuna (peyvənd vurulmasına dair və ya immunitet sertifikatına) malik olan şəxslərin ibadət yerlərində dini ayinlərin icrasında iştirakına icazə verilməsi və azyaşlı (14 yaşdan yuxarı olmayan) uşaqların ibadət yerlərinə gətirilməsinə yol verilməməsi narazılığa səbəb olub.
Məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova Bakıvaxtı.az-a bildirib ki, qaydalar Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri əsasında müəyyənləşdirilib.
“Biz ötən gün qaziləri QMİ-yə dəvət edərək qaydaları onlara açıqladıq. İclasda qazilərin suallarına da cavab verildi. Narazı qalmaq üçün səbəb olmadı”,-deyə R.Dadaşova bildirib.
Ramid İbrahimov
Bakıvaxtı.az
















