Rusiyanın Hərbi Dəniz Qüvvələri Sakit okean, Şimal Buzlu okean, eləcə də Aralıq, Xəzər və Baltik dənizlərində “Okean-2024” planlı stratehi hərbi təlimlərinə başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumat Rusiya Müdafiə Nazirliyinin “Telegram” kanalında paylaşılıb.
Bildirilib ki, manevrlərdə 400 ədəd döyüş gəmisi, sualtı qayıq, eləcə də təminat gəmiləri iştirak edəcək.
Təlimlərin əsas məqsədi Hərbi Dəniz Qüvvələrinin yüksək dəqiqlikli silahlardan və digər silah nümunələrindən istifadə hazırlığını yoxlamaqdan ibarətdir.
İlk mərhələdə qrupların əvvəldən təyin olunmuş döyüş hazırlığı poliqonlarında cəmləşdirilməsi, ikinci mərhələdə isə şərti düşmənin strateji obyekt və qüvvələrinin sıradan çıxarılması, desant birləşmələrinin cəlb olunması, eləcə də dənizdəki iqtisadi obyektlərin mühafizəsi üzrə tapşırıqlar yerinə yetiriləcək.
Nazirlikdən o da bildirilib ki, təlimlərə Rusiyanın tərəfdaşı olan dövlətlərin hərbçiləri də dəvət olunub.