• Bakı 19° C

    2.74 m/s

  • USD - 1.7

    EUR - 2.0066

    RUB - 2.0352

Rusiya niyə "3+3" formatını gündəmə gətirir? - “Sirr pərdəsi” çəkildi

SİYASƏT

24 Sentyabr 2025 | 17:00

Rusiya niyə 3+3 formatını gündəmə gətirir? - “Sirr pərdəsi” çəkildi

"Rusiyanın son günlərdə "3+3" formatını yenidən gündəmə gətirməsi səbəbsiz deyil. Əslində "3+3" formatının əsas mahiyyəti, daha doğrusu məqsədi o idi ki, bölgəyə kənar, xarici qüvvələr buraxılmasın".

Bunu politoloq Turab Rzayev Bakıvaxtı.az-a açıqlamasında deyib.

Ekspert bildirib ki, Rusiya bu platformaya dəstək verməklə bununla Qərbin Cənubi Qafqaza gəlişinin qarşısını ala biləcəyini düşünürdü:

"Müzakirə olunan "altılıq" formatında Cənubi Qafqazın üç ölkəsi - Azərbaycan, Gürcüstan və Ermənistanla yanaşı, region ölkələri Rusiya, İran və Türkiyə var. İran Rusiya ilə bir sıra məsələlərdə strateji partnyorluq edir. Həm Moskva, həm də Tehran ABŞ və Avropa İttifaqının bölgədə olmasının qəti əleyhinədir. İran Fransanın, yəni Aİ missiyasının regionda olamasına o qədər ciddi etiraz etməsə də, ABŞ-nin burada mövcudluğunu istəmir. Rusiya Türkiyə ilə istənilən formada dil tapır. Həmçinin, Moskva başa düşür ki, Azərbaycanla strateji münasibətləri kifayət qədər yüksək olan Türkiyənin regionda fəaliyyətini bloklamaq imkansızdır. O baxımdan Kreml ən azından "3+3" formatında Türkiyənin daha zəif formada bölgədə varlığına etiraz etməz. "Astana" formatında olduğu kimi Rusiya zənn edir ki, İranı da "altılıq" platformasına daxil etməklə Azərbaycan və Türkiyə qarşısında Rusiya-İran ikilisi daha güclü mövqedə olacaq”.

Müsahibimiz bildirib ki, Suriya ilə bağlı proseslərdə də Türkiyə Rusiya və İran tandemi qarşısında tək dayanmışdı. Ancaq o da nəzərə alınmalıdır ki, Rusiyanın Türkiyə ilə də strateji münasibətləri var:

“Ərdoğan və Putin bütün məsələlərdə bir-biri ilə dil tapa bilir. Türkiyə də Rusiyaya qarşı sanksiyalara qoşulmayıb və Moskva ilə siyasi-hərbi, iqtisadi münasibətlərini davam etdirir".

Turab Rzayev: İndiki dövrdə "3+3" formatı Minsk qrupu kimi bəlli perspektiv vəd etməyən platformadır

Həmsöhbətimiz vurğulayıb ki, Rusiya Zəngəzur dəhlizinə özünün nəzarət etməsini istəyirdi:

"Ancaq Vaşinqton görüşündən və ABŞ-də Ermənistan və Azərbaycan arasındakı anlaşmalardan sonra Rusiya təlaş içindədir. Çünki Kreml ABŞ-nin Cənubi Qafqazda özü də uzunmüddətli olmasını qətiyyən istəmir. "Tramp yolu"nun ABŞ-nin nəzarətində olması Rusiya üçün qəbuledilməzdir. Ona görə də Rusiya "3+3" formatı ilə əslində ABŞ-ni sıradan çıxarmaq niyyəti güdür. Son günlərdə "3+3" formatının Rusiya rəsmiləri tərəfindən tez-tez gündəmə gətirilməsinin səbəbi budur”.

Politoloqun sözlərinə görə, Kreml Vaşinqton görüşündə əldə olunan razılaşmaları bəsitləşdirmək, mənasızlaşdırmaq istəyir. Moskva açıq şəkildə bəyan edir ki, ABŞ heç vaxt bölgədəki proseslərə töhfə verməyib. Əslində zamanında Azərbaycan və Türkiyə çox çalışdı ki, regional problemlər bölgə dövlətləri səviyyəsində həllini tapsın:

“Amma elə Rusiya və İran kimi bölgə dövlətləri problemlərin həllində maraqlı olmadılar, sülhə imkan yaratmadılar. Gürcüstanın da platforma ilə mövqeyi əvvəldən bəllidir”.

“Sözün açığı, düşünürəm ki, indiki dövrdə "3+3" formatı ATƏT-in Minsk qrupu kimi bəlli perspektiv vəd etməyən platformadır. Gələcəkdə mümkün ola bilər", - deyə Turab Rzayev qeyd edib.

Aydın Baxış


SON XƏBƏRLƏR