2023-cü ildə Rusiyanın Ukraynaya qarşı müharibəsi tammiqyaslı olaraq qalacaq, çünki tərəflərdən heç biri güzəştə getməyə hazır deyil.
Bakıvaxtı.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə nüfuzlu “Fitch Ratings” reytinq agentliyinin analitik hesabatında deyilir.
Analitiklər prezident Vladimir Putinin Ukrayna dövlətinin suveren bütövlüyünə xələl gətirmək məqsədlərində nəzərəçarpacaq dəyişiklik görmür: "Eyni zamanda Ukraynanın Xerson və Xarkovda uğurlu əks-hücumları Rusiyanın ələ keçirdiyi böyük ərazilərin verilməsini daha da çətinləşdirir".
Qeyd olunur ki, son aylarda strateji üstünlük Ukraynanın tərəfində olub. Eyni zamanda, ekspertlər Kiyev və ya Moskvada müharibəni uzun sürən münaqişəyə çevirə biləcək həlledici hərbi üstünlük görmürlər.
“Daha uzun müddət ərzində hər iki tərəf üçün xərclər artdıqca, danışıqlar yolu ilə nizamlanma perspektivi daha çox olur, baxmayaraq ki, bu, davamlı sülhdən daha çox “dondurulmuş münaqişə” formasını ala bilər”, - deyə agentlik bildirib.
Ukrayna Baş Qərargahının məlumatına görə, işğalın əvvəlindən rus təcavüzkarının itkiləri artıq 121 mini ötüb. Rusiya həmçinin 3150-yə yaxın tank, 6300 digər zirehli texnika və 550-yə yaxın təyyarə və helikopteri itirib.
Bu yaxınlarda ruslar arasında hərbi komandanlığın dəyişməsindən sonra Ukrayna tərəfi işğalçıların yeni döyüş taktikasına keçməsini gözləyir. Lakin dəyişikliklərin mahiyyəti hələ aydın deyil.
Ukrayna kəşfiyyatı hesab edir ki, yaxın aylarda Rusiya səylərini Donetsk və Luqansk vilayətlərinin tam ələ keçirilməsinə yönəldəcək.
Murad Məmmədli
















