Son aylarda Rusiyada miqrantlara qarşı artan aqressiya, hüquq-mühafizə orqanlarının reydləri, zorakılıq halları və mədəni təhqirlər fonunda Mərkəzi Asiya ölkələrinin vətəndaşları ciddi təzyiqlərlə üzləşirlər.
Əsasən tikinti, xidmət və nəqliyyat sahələrində çalışan bu insanlar həm fiziki, həm də mənəvi şiddətə məruz qalır. Bununla yanaşı, Mərkəzi Asiya ölkələrinin rəsmi dairələri bu hallara qarşı açıq mövqe sərgiləməkdən çəkinir. Bunun səbəbi isə onların Rusiyanın təsirində olan təşkilatlara - Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İqtisadi Birliyi (AİB) kimi qurumlara üzv olması və siyasi-diplomatik asılılıq mühitində fəaliyyət göstərmələridir.
Siyasi şərhçi Züriyə Qarayeva bu məsələni Bakıvaxtı.az-a şərh edib.
O, Rusiyada miqrantlara qarşı son aylarda sərgilənən aqressiv münasibətin Mərkəzi Asiya ölkələrinin Rusiyadan uzaqlaşmasına səbəb ola bilmə ehtimalını real sayır. Siyasi şərhçinin sözlərinə görə, Rusiyada yaşayan Mərkəzi Asiya vətəndaşlarına qarşı edilən təzyiqlər artıq tək-tək hadisə xarakteri daşımır, sistemli və dövlət səviyyəsində idarə olunan proses təsiri bağışlayır:
“Bu isə həmin ölkələrin ictimai rəyinə birbaşa təsir göstərir. Sıravi vətəndaşların bu ölkələrdə narazılığı artdıqca, hökumətlər də daxili təzyiq qarşısında Rusiyaya qarşı daha sərt mövqe nümayiş etdirməyə məcbur ola bilərlər. Xüsusilə Qərblə münasibətləri balanslaşdırmağa çalışan Qazaxıstan və Özbəkistan kimi ölkələr üçün bu, uzaq perspektivdə Rusiyadan uzaqlaşmağın əsaslandırıcı səbəbinə çevrilə bilər”.
Əgər Rusiya tərəfdaşlarına bərabər münasibət göstərmirsə, bu birliklərdə qalmaq həmin ölkələr üçün öz müstəqilliklərindən imtina etmək deməkdir. Müsahibimiz qeyd edib ki,
KTMT və AİB kimi qurumların ideyası bərabərhüquqlu tərəfdaşlığa əsaslanır. Lakin praktikada Rusiya bu birliklərə özünün geosiyasi aləti kimi yanaşır və digər üzv ölkələri subordinasiya altında saxlayır. Miqrantlara qarşı olan rəftar və rəsmi Bakıya, Astanaya, Daşkəndə ünvanlanmayan bu aqressiya əslində həmin dövlətlərin nüfuzuna zərbə vurur:
“Bu cür şəraitdə bu təşkilatlarda qalmaq, Rusiyanın hegemon maraqlarına boyun əymək deməkdir. İstər iqtisadi, istər siyasi baxımdan, alternativ inteqrasiya platformalarına yönəlmək - məsələn, Çin və ya Qərblə əməkdaşlıq - müstəqilliyin qorunması baxımından daha real yanaşmadır”.
Züriyə Qarayeva: Miqrantlara qarşı aqressiv münasibət ölkələrin Rusiyadan uzaqlaşmasına səbəb ola bilər
Müsahibimiz qeyd edib ki, Rusiyanın hazırkı siyasəti daha çox itirilən təsir imkanlarının kompensasiya cəhdi kimi görünür. Rusiya həm Ukrayna müharibəsindəki çətinliklər, həm də Qərbin sanksiyaları fonunda artıq bölgədə dominant oyunçu statusunu qorumaqda çətinlik çəkir:
“Mərkəzi Asiya ölkələrinin diversifikasiya siyasəti - Çinə, Türkiyəyə və Qərbə yönəlməsi - Moskvanı narahat edir. Bu səbəbdən Rusiya, daxili auditoriyanı millətçi ritorika ilə ovutmaqla yanaşı, xarici auditoriyaya da “hələ güclü və təhlükəli olduğunu” göstərməyə çalışır. Miqrantlara qarşı zorakılıq bu güc nümayişinin alçaldıcı alətlərindən biridir”.
Zülfü Məmmədov