• Bakı 12° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.9792

    RUB - 2.1079

Azərbaycan-Özbəkistan strateji həmrəyliyi: Prezidentin Daşkənd səfərinin regional əhəmiyyəti

SİYASƏT

16 Noyabr 2025 | 11:46

Azərbaycan-Özbəkistan strateji həmrəyliyi: Prezidentin Daşkənd səfərinin regional əhəmiyyəti

Prezident İlham Əliyevin Özbəkistana səfəri yalnız ikitərəfli münasibətlərin davamı deyil, Mərkəzi Asiyanın geosiyasi arxitekturasında Azərbaycanın rolunun möhkəmləndiyi bir mərhələdir. Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşü Azərbaycan üçün bu regionda dərinləşən tərəfdaşlıq xəttinin daha bir mühüm platformasına çevrildi.

Səfərin siyasi tərəfi xüsusilə diqqət çəkir. Prezident İlham Əliyev Mərkəzi Asiya məkanını Azərbaycan üçün vahid tarixi, mədəni və geosiyasi mühit kimi xarakterizə etdi və bu, ölkələr arasında artıq formalaşmış strateji yaxınlığın ideoloji konturunu ortaya qoyur. Qardaş Özbəkistanla münasibətlər bu yaxınlığın ən parlaq nümunəsidir. Son bir il yarımda Şavkat Mirziyoyevin Azərbaycana beş səfəri, imzalanmış müttəfiqlik sənədləri və ali səviyyədə qəbul edilən “Yol Xəritəsi” ikitərəfli münasibətləri klassik diplomatik əməkdaşlıqdan strateji sinxronluq mərhələsinə daşıyıb.

Səfərin iqtisadi ölçüləri də diqqətdən kənarda qalmır. Azərbaycan-Özbəkistan ticarət əlaqələri rekord templə artır, hər iki ölkədə investisiya layihələri genişlənir, Xankəndidə birgə fabrik kimi əməkdaşlıq nümunələri Qarabağın bərpasına həm də regional həmrəyliyin daxil olduğunu göstərir. Orta Dəhliz üzrə tranzit yüklərinin artması, Ələt limanının yüksələn əhəmiyyəti və hava reyslərinin çoxalması Azərbaycanı Mərkəzi Asiyanın Avropa ilə quru və dəniz bağlantısında əsas iştirakçıya çevirir.

Enerji sahəsində Azərbaycan-Qazaxıstan-Özbəkistan üçtərəfli əməkdaşlığı regionda yaşıl enerji və enerji inteqrasiyası hədəflərini yaxınlaşdırır. Bu platforma post-neft dövrünün regional enerji xəritəsinin formalaşmasında mühüm amilə çevrilir.

Humanitar əməkdaşlıq isə iki xalq arasındakı münasibətlərin emosional və mədəni təməlini möhkəmləndirir. Qarabağda Uluqbəy adına məktəbin inşası, qarşılıqlı mədəniyyət günləri, media və QHT forumları, regionlararası qardaşlaşma layihələri – bütün bunlar münasibətlərin yalnız dövlətlər arasında deyil, cəmiyyətlər səviyyəsində də strateji dərinlik qazandığını sübut edir.

Bu səfər Azərbaycan ilə Özbəkistan arasındakı müttəfiqliyin regional təhlükəsizlik, nəqliyyat, enerji və humanitar sahələri əhatə edən geniş miqyaslı inkişaf trayektoriyasını bir daha təsdiqlədi. Daşkənd mühitində nümayiş olunan siyasi birlik və ortaq vizyon Orta Asiyada yeni əməkdaşlıq modelinin mərkəzində məhz bu iki ölkənin dayandığını göstərir.

Züriyə Qarayeva


SON XƏBƏRLƏR

15 Noyabr 2025