• Bakı C

    8.55 m/s

  • USD - 1.7

    EUR - 1.9977

    RUB - 2.1379

Azərbaycan-Türkiyə hərbi Memorandumu təsdiqləndi

SİYASƏT

16 Dekabr 2025 | 11:36

Azərbaycan-Türkiyə hərbi Memorandumu təsdiqləndi

“Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi arasında qarşılıqlı hərbi təhlükəsizliyin gücləndirilməsinə dair Anlaşma Memorandumu tərəflərin dövlət təhlükəsizliyinin və ərazi bütövlüyünün təmin olunması, həmçinin suverenlik və müstəqilliyin qorunması məqsədilə müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutur”.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Müdafiə, Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin sədri Arzu Nağıyev danışıb. O, “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi arasında qarşılıqlı hərbi təhlükəsizliyin gücləndirilməsinə dair Anlaşma Memorandumu”nun təsdiqi barədə qanun layihəsini təqdim edib.

Arzu Nağıyev bildirib ki, sənəd Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin, o cümlədən Şuşa Bəyannaməsində təsbit olunmuş müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinə xidmət edir. O qeyd edib ki, Memorandum hərbi təhlükəsizlik sahəsində qarşılıqlı koordinasiyanı gücləndirməyi, birgə təlimlər, hərbi təhsil və müdafiə sənayesi üzrə əməkdaşlığı genişləndirməyi hədəfləyir. Sənəd 8 maddədən ibarətdir.

Memoranduma əsasən, tərəf dövlətlərdən biri silahlı təcavüzə məruz qaldıqda, BMT Nizamnaməsinin 51-ci maddəsi ilə tanınan fərdi və birgə özünümüdafiə hüququ çərçivəsində qarşılıqlı yardım göstərilir. Hərbi yardım tərəflərdən birinin müraciəti əsasında və milli qanunvericiliyə uyğun həyata keçirilir. Həmçinin, tərəflər sülh dövründə mütəmadi olaraq birgə hərbi təlim və manevrlər keçirirlər.

Memorandum yalnız hərbi əməkdaşlıq və təhlükəsizlik sahəsini əhatə edir, müdafiə sahəsində qarşılıqlı yardım, təlim, təchizat və tərəflərin birlikdə fəaliyyət qabiliyyətinin artırılmasını nəzərdə tutur. Tərəflər milli qanunvericiliyə uyğun olaraq hərbi məlumat mübadiləsini və kəşfiyyat sahəsində əməkdaşlığı gücləndirə, əldə olunan məlumatlardan birgə əməliyyatlarda istifadə edə bilərlər.

Memorandumun təfsiri və icrası ilə bağlı fikir ayrılıqları yalnız tərəflər arasında keçiriləcək danışıqlar yolu ilə həll olunur. Memoranduma tərəflərin qarşılıqlı yazılı razılığı ilə istənilən vaxt əlavə və ya dəyişiklik edilə bilər. Hər bir tərəf Memorandumu ləğv etmək istədikdə, bunu diplomatik kanallar vasitəsilə yazılı şəkildə bildirir və Memorandum bildirişin alındığı tarixdən 60 gün sonra qüvvədən düşür.

Sənəd beynəlxalq hüquq normalarına uyğun həyata keçirilir, üçüncü dövlətlərə qarşı yönəlmir və regionda sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verir.

Əli Hüseynov


SON XƏBƏRLƏR