“Çox təhlükəli proses fəlakətli sürətlə yaxınlaşır. İndi Gürcüstan hakimiyyətinin nümayəndələrinin ölkədə rusofobiya barədə danışmaqla nə hazırladıqları aydın olur”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili deyib.
“Gürcüstana rusların növbəti axını başlayıb. Dünən 20 min rus sərhədi keçərək burada məskunlaşmaq məqsədilə ölkəyə daxil olub, daha bir neçə on min nəfər isə sərhəddə gözləyir. Ümumilikdə 200 mindən çox insanın gəlməsi gözlənilir. Bu, İvanişvilinin artıq burada məskunlaşdırdığı 120 min nəfərə əlavədir. Bu insanların əsasən Putinin planlaşdırdığı səfərbərlikdən qaçması onların bizim dostlarımız olduğu anlamına gəlmir. Onların hər biri hər bir gürcünün təhlükəsizliyi və gələcəyi üçün ölümcül təhlükədir”, - o bildirib.
Mixeil Saakaşvili qeyd edib ki, bunun səbəbləri aşağıdakılardır:
“Onları heç kim yoxlamır və bu insanların arasında çoxlu sayda agent və diversant var.
Rusların 99 faizi imperialistdir və bütün xalqlara yuxarıdan aşağı baxır. Gürcülərə isə xüsusilə yuxarıdan aşağı baxır, bizi ruslara xidmət etmək və onları əyləndirmək üçün doğulmuş insanlar hesab edirlər.
Rusiya hansısa ölkədə rusların olmasından həmin ölkənin daxili işlərinə müdaxilə etmək üçün istifadə edir. Rusiya Cənubi Osetiya və Abxaziyaya Rusiya vətəndaşlarını qorumaq bəhanəsi ilə müdaxilə edib. İndi isə rusların əsas kütləsi Tbilisi və Batumidədir.
Ruslar gürcülərin bizneslərini və bütöv şəhərləri əllərindən alırlar. 2004-cü ildə Rusiyanın nəzarətindən çıxarılan Batumi yenidən faktiki olaraq ruslar tərəfindən ələ keçirilib.
İvanişvili rusların axınını alqışlayır. Birincisi, ona görə ki, tapşırığı yerinə yetirir və rus mühiti onun üçün doğmadır. Ən əsası isə çoxlu pul qazanır - beton binaları satmaqla və bank mafiyasını zənginləşdirməklə.
Bundan əlavə, o, tədricən düşmən dövlətin vətəndaşlarına Gürcüstan vətəndaşlığı verir. Xaricə məcburən getmiş vətəndaşları isə səsvermə hüququndan məhrum etdiyi bir şəraitdə burada öz hakimiyyətini rus seçici resursu hesabına möhkəmləndirir”.
Sabiq prezident əlavə edib ki, Tbilisi və Batumidə 120 mindən çox rus məskunlaşıb:
“Rusların köçünün nə qədər təhlükəli olduğunu anlamaq üçün Baltikyanı ölkələrin təcrübəsinə baxmaq lazımdır. Onlar da onilliklər əvvəl köçürülmüş insanların inteqrasiyasını bu günədək tam təmin edə bilməyiblər və həmin insanlar hələ də onların müstəqilliyi və təhlükəsizliyi üçün ciddi təhlükə yaradırlar.
Gürcüstan ölümcül təhlükə qarşısındadır. Bu zaman isə müxalifətin böyük hissəsi yatır və sevdiyi işlə - mənimlə mübarizə aparmaqla məşğuldur.
Təcili şəkildə ayılmalıyıq, çünki elə indi, real vaxt rejimində vətənimizi itiririk. Səfərbər olmalı, hərəkət etməli, təslim olmamalı və qalib gəlməliyik. Ruslara isə deməliyik: Rusiya vətəndaşları, Gürcüstan sizin eviniz deyil, burada sizi istəmirlər.
Rusiya vətəndaşları, evinizə gedin”.
Bakı 



