Gün ərzinə avtobusların vaxtında gələməməsi insanları aqressivləşdirən, problem yaradan məsələlərdəndir. Xüsusilə, səhər və axşam saatlarında tıxaclar yarandığından, insanlar hətta yarım saatdan da çox avtobus gözləməli olur. Bəlkə də, 15, 20, 30 dəqiqə avtobus gözləmək qulağa az gələ bilər, ancaq işə 10 dəqiqə gecikdiyi üçün maaşından kəsilən insan üçün bu, böyük bir problemdir. Xüsusilə də, bu hal hər gün təkrarlanırsa, həmin şəxslərin keçirdiyi stessi təsəvvür etmək mümkün deyil.

Mais Ağayev: “Mütləq qaydada avtobuslar üçün maneəsiz hərəkət mühiti yaradılmalıdır”
Problemlə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev Bakıvaxtı.az-a bildirib ki, bu gün paytaxtda müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət intervalında müşahidə edilən ləngimələrin başlıca səbəbi tıxac və sıxlıq hallarıdır: “Həll yolu olaraq avtobus sayının arıtırılması, əslində, düzgün yanaşma deyil. Çünki artan avtobus sayı sıxlıqda qalan avtobusların sayının artırılması deməkdir. Bu mövzu ətrafında hər dəfə müzakirə olanda biz o mövqedən çıxış edirik ki, mütləq qaydada paytaxtda avtobuslar üçün maneəsiz hərəkət mühiti yaradılmalıdır”.
M.Ağayev qeyd edib ki, söhbət avtobuslar üçün xüsusi zolaqlardan gedir: “İlk növbədə daha çox küçədə belə zolaqlar olmalıdır. Daha sonra isə sürücülərin bu zolaqların tələbinə riayət etməsinə nəzarət gücləndirilməlidir. Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki Bakı Nəqliyyat Agentliyi öz səlahiyyətləri çərçivəsində avtobus zolaqlarının təşkili istiqamətində zəruri addımlarını atır”.

Eldəniz Cəfərov: “Tıxac var deyə avtobuslar gecikir” bəhanəsini qəbul etmirəm”
Nəqliyyat eksperti Eldəniz Cəfərov Bakıvaxtı.az-a bildirib ki, bu gün Bakı şəhərində hansı yollarda, hansı saatlarda tıxaclar olduğu hamıya məlumdur: “Bu gün avtobusların dayanacaqlara gecikmə ilə gəlməsinin əsas səbəbi kimi tıxac göstərilə bilməz. Düşünürəm ki, bunun əsas səbəbi həmin marşrutlarda avtobus sayının azlığı, disbetçer xidmətinin keyfiyyətsiz təşkil olunmasıdır. Bir daha qeyd edirəm, tıxacların hansı yollarda və nə vaxt olduğu məlumdur. Bu səbəbdən də, həmin saatlarda o yollarla hərəkət edən avtobusların sayını artırmaq, tıxac olan ərazidə növbətçi avtobusların olmasını, ekspress avtobuslar təşkil etmək mümkündür. Bu səbəbdən də, “tıxac var deyə avtobuslar gecikir” bəhanəsini mən bir vətəndaş kimi qəbul etmirəm”.
Onun sözlərinə görə, bu gün Bakı şəhərində nəqliyyatın intellektual idarəetmə sisteminin çalışmaması səbəbindən belə gecikmələr baş verir, vətəndaşlar da saatlarla dayanacaqda gözləməli olurlar: “Vətəndaşlar heç bilmirlər ki, avtobus hansı saatda dayanacağa gələcək, neçə dəqiqə gözləməli olacaq, heç biri məlum deyil. İlk növbədə, bu məsələ həll edilməlidir. Sərnişinlərə avtobusların hərəkəti, avtobuslar arasındakı interval haqqında məlumat verilməlidir”.
Aytac Aslan
















