Bakının Yasamal rayonunun Moskva prospektinin "Şamaxinka" adlanan yol sahəsində hərəkətin təşkilində dəyişikliklər edilir.
Bakıvaxtı.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Bildirilib ki, icra olunan layihəyə əsasən, dəyişiklikdən öncəki hərəkət trayektoriyaları nəzərə alınaraq Asif Məhərrəmov küçəsindən gələn nəqliyyat vasitələri sola – 20 Yanvar küçəsi istiqamətində dönərkən əvvəlki qaydada deyil, həmin küçənin paralel hissəsi ilə Moskva prospektinə çıxa biləcəklər.
Əlavə olaraq 4-cü mikrorayondan Moskva prospekti istiqamətində gələn nəqliyyat vasitələrinin də öncəki trayektoriya ilə deyil, yeni qayda ilə hərəkəti təmin olunacaq.
Eyni qaydada, Asif Məhərrəmov küçəsinin əks istiqaməti ilə hərəkət edən nəqliyyat vasitələri xüsusi təhlükəsizlik adacığı ilə ayrılmış zolaq vasitəsilə 20 Yanvar küçəsinin paralel hissəsinə yönləndiriləcək və bu kəsişmədə həm 4-cü mikrorayon istiqamətində, həm də düzünə hərəkətlərini davam etdirə biləcəklər.
Bundan başqa, Moskva prospektinin 20 Yanvar küçəsi ilə kəsişmələrində, həmçinin bu kəsişmələrin yaxınlığında yerləşən geriyədönmə yerində hərəkət növbəliliyi işıqforla tənzimlənəcək.
Bakı 




