• Bakı 18° C

    0.65 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Şəhərin mərkəzində silahı insanlara tuşladı: Azərbaycanda silah əldə etmək nə qədər asandır?

CƏMİYYƏT

07 Avqust 2024 | 12:10

Şəhərin mərkəzində silahı insanlara tuşladı: Azərbaycanda silah əldə etmək nə qədər asandır?

Xəbər verdiyimiz kimi, Bakının mərkəzində sərnişin hərəkət zamanı mikroavtobusun qapısını açaraq əlindəki "silah"ı sağa-sola tuşlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkələrdə paylaşılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, həmin şəxslə bağlı polis tərəfindən araşdırılır. Qeyd edilib ki, faktla bağlı araşdırma gedir və ictimaiyyətə nəticələri ilə bağlı əlavə məlumat veriləcək.

Bundan başqa, demək olar hər gün silah gəzdirən şəxslərin saxlanılması barədə məlumatlar oxuyuruq.

Silahların belə əlçatan olması nə dərəcə də düzgündür? Azərbaycanda silahların əldə olunması qaydasında dəyişiklik edilməlidirmi?

 Paşa Səfərov, hüquqşunas

Bu barədə hüquqşunas Paşa Səfərov Bakıvaxtı.az-a bildirib ki, ölkəmizdə silahın əldə olunması qaydaları və şərtləri, əldə edilmə imkanları, əldə edilmə ilə bağlı tələblər "Mülki və xidməti silah haqqında" Qanunla tənzimlənir.

P.Səfərov qeyd edib ki, həmin qanunun şərtlərinə görə silah, xüsusilə mülki silahın əldə olunması asan deyil:

“Bunun üçün üəyyən zəruri şərtlər mövcuddur ki, bu da istənilən adama silah əldə etmək hüququ vermir”.

Müsahibimiz buna baxmayaraq sözügedən qanunun silah əldə etmə ilə bağlı şərtlərini yumşaq hesab edir. Onun fikrincə, qanun bu mərhələdə bir qədər sərt olmalıdır. Hüquqşünas hesab edir ki, məhz bununla bağlı qanunun 9-cu və müvafiq olaraq digər müddəalarına əlavə və dəyişiklərin edilməsi zəruridir.

Səfərov vurğulayıb ki, şəxsin silah əldə etməsinə səbəbin mövcudluğu xüsusilə ilə araşdırılmalı və bu araşdırma müvafiq komissiya tərəfindən həyata keçirilməlidir. Bu səbəbin müəyyən olunmasının çox önəmli olduğunu deyən hüquqşünas qeyd edib ki, istənilən şəxs zəruri səbəb olmadan silah əldə etməməlidir:

“Unutmaq olmaz ki, xüsusilə səbəbsiz silah əldə edilməsi bir çox arzuolunmaz hallara, o cümlədən cinayət əməlinin törədilməsinə gətirib çıxarda bilər. Əgər biz bu gün cəmiyyətdə baş verən cinayətlərə nəzər yetirsək, görərik ki, onların bir hissəsi məhz cinayət törədən şəxsə məxsus silahla törədilib. Belə halların qarşısının alınması, gələcəkdə baş verməməsi üçün yuxarıda qeyd etdiyimiz kimi qanuna əlavə və dəyişikliyin edilməsi zəruridir”.

Şəmsəddin Əliyev, kriminal ekspert

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən kriminal ekspert Şəmsəddin Əliyev bildirib ki, Avropa ölkələri və Amerika ştatlarından fərqli olaraq Azərbaycanda kiçik çaplı silahların əldə olunması dairəsi məhduddur və odlu silahların əldə edilməsi, daşınması o qədər də rahat deyil.

Sadəcə ov silahlarını əldə etməyin mükünlüyünü qeyd edən ekspert bunun üçün də mütləq mənada müəyyən cəmiyyətlərin üzvü olmaq və üzv olduqdan sonra müvafiq Mərkəzi İcra Hakimiyyəti orqanının, yəni Daxili İşlər Nazirliyinin bununla bağlı razılığının olmasının vacibliyini vurğulayıb:

“Silahın əldə olunması üçün subyekt bilavasitə anlaqlı olmalı, sağlamlığında ruhi, psixi çatışmazlıq halları olmamalıdır. Öz hərəkətlərini ölçüb-biçmək iqtidarında olmalıdır. Bununla yanaşı, əgər silahın onun yaşadığı mənzildə hamıya əlçatmaz olması üçün şərait varsa, saxlanılması və gələcəkdə ondan kənar şəxslərin istifadəsində məhdudiyyətlər varsa, o zaman həmin Nazirliyin müvafiq əməkdaşları razılıq verə bilərlər”.

Ş.Əliyevin sözlərinə görə, odlu silahların əldə edilməsi və saxlanılması ilə bağlı qüvvədə olan normativ-hüquqi aktda bugünədək o qədər də narahatlıq doğuran hallar yoxdur və buna görə hələ ki dəyişikliklərə də ehtiyac yoxdur:

“Təxminən bir neçə il bundan öncə təklif olundu ki, kiçik kalibrli silahların da əldə olunması üçün razılıq verilsin. Amma bu, müvafiq qurumlar və bəzi ekspertlərin etirazı ilə qarşılandı. Ona görə də qanuna yeni əlavələrin, dəyişikliklərin əlavə olumasına ehtiyac yaranmadı”.

Müsahibimiz narahatlıq üçün bəzi əsasların olduğunu, odlu silahdan törədilən cinayətlər, qanunsuz saxlanılan odlu silahların müvafiq ərazi üzrə polis orqanlarına könüllü şəkildə təhvil verilməsi faktlarının mövcudluğunu nəzərə çatdırıb:

“Düşünürəm ki, əhalidə kifayət qədər maarifləndirici tədbirlərin həyata keçirilməsi vacibdir ki, qanunsuz odlu silahları daşımasınlar. Onları müvafiq polis orqanlarına təhvil versələr bir növ cinayət məsuliyyətindən azad olunacaqlar. Bu ictimai təhlükəsizliyin və sabitliyin davamlı olması üçün yetərlidir”.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026