Azərbaycanın Əməkdar incəsənət xadimi, ssenarist, kinoprodüser Müşfiq Hətəmov "Space" TV-nin rəhbəri vəzifəsindən gedib.
Bakıvaxtı.az xəbər verir ki, onun yerinə "Parni iz Baku” KVN komandasının aktyoru Vado Karovin təyin olunub.

Kanalın əməkdaşı, aparıcı Turan İbrahimov M.Hətəmovun vəzifəsindən uzaqlaşdırılmasına münasibət bildirib.
"Space" TV reanimasiyada idi, beyin ölümü çoxdan baş vermişdi, süni nəfəs aparatına qoşulmuşdu. Özüm də daxil bütün televiziyaçılar reallığı bildiyimiz və məsələyə məhz televiziyaçı kimi baxdığımızdan, bu kanalı xilas etmək üçün küllü miqdarda vəsaitə ehtiyac olduğunu düşünürdük. Haqlı idik. Amma Müşviq Hətəmov gəldi, kənar dəsdək olmadan vəziyyəti nəzarətə götürdü. Borcları bağladı, ən fundamental, təxirəsalınmaz praktik-texniki addımları atdı, mümkün olan bütün dəyişiklikləri etdi və pis-yaxşı, digər özəl televiziyalardan fərqlənməyən, yeni proqram siyasəti tərtib etdi. Hazırda "Space" TV minimal maliyyə imkanları ilə ölkənin ən reytinqli dördüncü kanalıdı. Böhran menecmenti haqqında bildiyiniz hər şeyi unudun. Hətta deyərdim ki, “böhran dövründə ağdamlı yanaşması” başlıqlı treninqlər təşkil edin, Müşviq Hətəmovu da çıxışçı kimi dəvət edin. Düzdü, bunun üçün vaxtı olmayacaq. Bundan sonra daha ağır rejimdə çalışacaq, amma siz yenə də cəhd edin", - deyə T.İbrahimov bildirib.
Qeyd edək ki, Müşfiq Hətəmov 20 may 2021-ci ildə Space televiziyasına direktor təyin edilmişdi.
Vado Korovin 1972-ci il avqustun 29-da Bakıda ziyalı ailəsində anadan olub. O, uzun müddət "Şən və Hazırcavablar” klubunda - "Bakılı Oğlanlar” komandasında təmsil olunub. Bundan başqa, Vado Karovin "Lider" və ATV telekanallarında müxtəlif vəzifələrdə çalışıb.
İbRa
















