Yunanıstanın Mərkəzi Makedoniya bölgəsində "Strep A" bakteriyasının sürətlə yayılması səbəbilə 9 məktəbdə müvəqqəti olaraq tədris dayandırılıb.
Bakıvaxtı.az bu barədə xarici KİV-ə istinadla xəbər verir.
Məlumata görə, ilk yoluxma halları Selanikin Kalamarya bölgəsindəki bir məktəbdə aşkarlanıb. Bakteriyanın qısa müddətdə yayılması nəticəsində həmin ərazidə 3 ibtidai məktəb və 2 uşaq bağçasında dərslərə ara verilib. Serez şəhərində də Strep A bakteriyası aşkarlandığı üçün 4 məktəb profilaktik tədbir məqsədilə bağlanıb.
Yunanıstanın Milli İctimai Sağlamlıq Təşkilatı (EODY) "Strep A"nın olduqca yoluxucu olduğunu bildirərək şəxsi gigiyena qaydalarına ciddi şəkildə əməl olunmasının vacibliyini vurğulayıb.
Rəsmilər, yoluxmuş şəxslərin antibiotik müalicəsinə başlandıqdan sonra ən azı 24 saat evdə qalmasının tövsiyə edildiyini, panikaya ehtiyac olmadığını və vəziyyətin nəzarət altında olduğunu qeyd ediblər.
Nuriyyə Musayeva