• Bakı 12° C

    9.93 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Sülh ilk növbədə İrəvan üçün lazımdır

SİYASƏT

15 Mart 2024 | 18:09 | Müəllif: Qalib İbrahimoğlu

Sülh ilk növbədə İrəvan üçün lazımdır

Ermənistanla Azərbaycanın bəzi məsələlərdə mövqeləri yaxınlaşıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Ermənistanla Azərbaycan delimitasiya və ərazi bütövlüyünün qarşılıqlı tanınması ilə bağlı konsensusa yaxındırlar. Erməni nazir qeyd edib ki, hər iki ölkə 1991-ci il sərhədlərinin delimitasiya və ərazi bütövlüyünün qarşılıqlı tanınması üçün əsas kimi tanınması ilə bağlı razılaşmaya yaxındırlar. Mirzoyan əlavə edib ki, indi iki ölkənin mövqeləri hətta bir ay əvvəlki ilə müqayisədə də daha yaxındır.

Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə Bakıvaxtı.az-a deyib ki, Ermənistan rəsmiləri tərəfindən ilk dəfə deyil ki, sülh sazişinin mətni üzərində irəliləyiş olması, hətta yaxın dönəmdə müqavilənin bağlana biləcəyi ilə bağlı açıqlamalar yayılır.

Onun sözlərinə görə, şəxsən A.Mirzoyan özü 2022-ci və 2023-cü ilin sonunadək sülh sazişinin imzalanma ehtimalının çox böyük olduğunu iddia etmişdi:

"Ermənistan baş naziri Nikol Paşinyan da bununla bağlı anonslar verib. Amma sonrakı dönəmlərdə gördük ki, iş müzakirələrdən real müstəviyə, əməli fəaliyyətə gələndə İrəvan hökuməti qeyri-konstruktiv mövqe sərgiləyir, müxtəlif bəhanələr gətirir, qarşılıqlı şərtlər irəli sürməyə cəhd edir. Nəticə etibarilə sülhün əldə olunması ertələnir. İstərdik ki, ən azından bu dəfə elə olmasın. Azərbaycan Prezidenti də bir sıra məsələlərdə uzlaşmaların olduğunu, sülhə yaxınlaşdığımızı söylədi. Danışıqlar gedir. Kommunikasiyanın ikitərəfli olması və müzakirələrin vasitəçilərsiz aparılması müsbət haldır. Çünki vasitəçilər prosesi ləngidir. Əlbəttə, istənilən halda Azərbaycanın qarşıya qoyduğu şərtlər mütləq qəbul olunmalıdır".

A.Əlizadə vurğulayıb ki, əgər qarşı tərəf 5 baza prinsipinə əməl edərsə, sərhədlərin delimitasiya və demarkasiyası, eləcə də kommunikasiyaların açılması yönündə üzərinə düşən addımı atarsa, məsələlərin uzlaşmasından, mövqe yaxınlığından danışmaq olar:

"Qarşıdakı aylarda konkret nəticələri gərəcəyik. Erməni tərəfi həqiqətən səmimi olarsa, verdiyi sözlərə xilaf çıxmazsa, irəliləyiş mümkündür. Əks halda proses uzanacaq. Prosesin uzanması isə ermənilərin özlərinə ziyandır. Biz problemimizi həll etmişik. Sülh ilk növbədə İrəvan üçün lazımdır. Qarşı tərəf bunu nəzərə almalıdır".

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026