"Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin harada imzalanması məsələsi ilə bağlı müxtəlif variantlar, fikirlər, təkliflər var".
Bu barədə Bakıvaxtı.az-a açıqlamasında deputat Ceyhun Məmmədov deyib.
Deputat bildirib ki, Azərbaycan və Ermənistan arasında sülhün paraflanması ABŞ-də baş tutduğu üçün yekun sülh sazişinin imzalanması üçün yenə həmin ölkə nəzərdən keçirilə bilər:
"Rusiya təklif edir ki, sülh sənədinə onların meydanında imza atılsın. Ancaq keçmiş təcrübələrə də baxmaq lazımdır. Azərbaycan və Ermənistanın əldə etdiyi uğurlar ikitərəfli, birbaşa təmasların nəticəsidir. Müqavilə Azərbaycanda da imzalana bilər. Neytral ölkə kimi Gürcüstanda da sülh müqaviləsi imzalana bilər. Əslində dövlət başçısı İlham Əliyev bu məsələyə toxunmuşdu. Əsas hədəf və məqsəd o olmalıdır ki, yekun sülh sazişi tezliklə imzalansın”.

Ceyhun Məmmədov: Prinsipial məsələ odur ki, Ermənistan öz Konstitusiyasını dəyişdirsin
Müsahibimiz vurğulayıb ki, Azərbaycanın bu məsələdə prinsipial mövqeyi, şərti ortadadır. Məkan məsələsi əsaslı, prinsipial məsələ deyil. Dediyinə görə. hər hansı ölkədə imzalana bilər və bu, daha çox texniki nüansdır.
“Prinsipial məsələ odur ki, Ermənistan öz Konstitusiyasını dəyişdirsin. İrəvan bunu nə qədər tez edərsə, bölgəyə sülh bir o qədər tez gələr. Ermənistan özü də blokodadan, dalan dövlət olmaqdan çıxa bilər", - deyə Ceyhun Məmmədov əlavə edib.
Qeyd edək ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan brifinqdə bildirib ki, Ermənistan və Azərbaycan hələlik sülh sazişinin imzalanma yeri və tarixi barədə qərar verməyiblər, amma İrəvan elə bu gün məsələ ilə bağlı məsləhətləşmələrə başlamağa hazırdır. Onun sözlərinə görə, imzalanma üçün dəqiq tarix və ya yer yoxdur:
"Amma indi harada və nə vaxt imza atacağımızla bağlı məsləhətləşmələrə başlamağa hazırırıq. Ümid edirəm, yaxın gələcəkdə proseslər elə istiqamətdə inkişaf edəcək ki, biz sülhün institusionallaşması istiqamətində bu addımı da atacağıq".
Ararat Mirzoyan əlavə əlavə edib ki, Ermənistan və Azərbaycan arasında sülh artıq bir reallıqdır və sazişin imzalanması sadəcə texniki məsələ ola bilər.
Aydın Baxış
Bakı 


