• Bakı 9° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Şuşa zirvəsindən göndərilmiş sülh mesajları

SİYASƏT

11 Noyabr 2022 | 15:11 | Müəllif: Qalib İbrahimoğlu

Şuşa zirvəsindən göndərilmiş sülh mesajları

“Bu il noyabrın 8-də Azərbaycan xalqı, Türk dünyası, hətta İslam aləmi iki əvvəl Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və qəhrəman milli ordumuzun rəşadət və şücaəti ilə Qarabağın işğaldan azad edilməsinin ikinci ildönümünü qeyd etdi. Ruhunda azan səsi, qanında türk qanı olan, ədaləti və haqqı dəstəkləyən hər kəs üçün bu gün Şuşa and yeridir”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında deputat Məlahət İbrahimqızı bildirib.

Deputat qeyd edib ki, bu gün Şuşa mütərəqqi dünyanın, sülh və inkişaf arzulayanların, humanizmi və bəşər mədəniyyətini sevənlərin Şuşa buluşma və qovuşma məkanıdır: “Elə bu səbəbdən də Şuşanın gündən-günə qonaqlarının sayı artır. Bu mənada xalqımız il ərzində keçirdiyi hər bir bayrama görə 8 Noyabr Zəfər Gününü bizlərə bəxş edən insanlara borcluyuq. Çünki məhz bu gün həyatımıza, hər günümüzə, bayramlarımıza yeni ruh verdi. Bu bayram, xalqımızın və hər birimizin qürur, şərəf və ləyaqətini ucaltdı. Bu gün bizi dünyaya müzəffər xalq kimi tanıtdı. Bu günüm adı torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyünün və pozulmuş hüquqlarımızın bərpası günüdür. Bu gün dədə-babalarımızın ruhunun şad olduğu gündür. Bu günün sevinc və əzəmət şüaları və istisi əbədiyyətədək xalqımıza rövnəqləndirəcək. Bundan sonra yaşayacağımız hər gün zəfərli günlər adlanacaq. Bu zəfərlə, qələbə ilə qalib ordumuz ərazilərimizi düşməndən təmizlədi, keçmiş məcburi köçkünlərimizin yurd həsrətinə son qoymaqla bərabər, həm də milli hissiyatımızı, qürürumuzu özümüzə qaytardı. İndi bütöv, xoşbəxt vətənimizin hər günü bayramdır”.

M.İbrahimqızı bildirib ki, hər zaman ən əziz bayramlarda xalq arasında olan Ali Baş Komandan 8 noyabr tarixində də zəfər ucalığı Şuşada qəhrəman hərbçilərlə görüşərək növbəti tarixi çıxış etdi, bölgə və Azərbaycan ictimaiyyətinə müraciət ünvanladı: “Onun bu çıxışı həm də möhtəşəm qələbə qürurunun növbəti təntənəsi oldu. Prezidentimizin bayram əhval ruhiyyəli bu çıxışı 44 günlük Vətən savaşının xronologiyası, postmüharibə dövründə dövlətimizin strategiya və hədəflərinin ifadəsi olmaqla, həm də bölgəmizdə sülhü və inkişafı əngəlləmək istəyən qüvvələrə yönəlik ciddi mesajlar səsləndi. Müzəffər Ali Baş Komandanımızın çıxışında xüsusi diqqət çəkən məqamlardan biri də ruhumuzun, mədəniyyətimizin paytaxtı Şuşanın azadlığa qovuşması ilə bağlı idi. Belə ki, Prezidentimiz 44 günlük müharibə müddətində verdiyi bütün müsahiblərində Şuşanın azad olunmasının nə qədər mühüm olduğunu vurğulayırdı. Bu çıxışında da o bir daha qazandığımız Zəfərdə Şuşanın azad olunmasının əhəmiyyəti xüsusi qeyd edildi. İlham Əliyevin müharibənin gedişində verdiyi müsahibələrdən birində “Şuşasız bizim qələbəmiz yarımçıq qalar” deməsi Vətənin azadlığı uğrunda başlanan savaşın son məqsədinin məhz mənəvi mərkəzimiz saydığımız şəhərin azad olunması idi. Çünki Şuşa milli-mədəni irsimizin əvəzsiz incisi, Qarabağın tacı olmaqla bərabər, həm də elə bir strateji mövqeyə malikdir ki, faktiki onun azadlığa qovuşması müharibənin taleyinin həll olunması demək idi. Məhz bu səbəbdən Şuşanın düşməndən təmizlənməsindən cəmi bir gün sonra düşmən kapitulyasiya sənədinə imza atmağa məcbur oldu. Savaşdansonrakı dönəm haqqında danışan dövlət başçısı bir daha Azərbaycanın götürdüyü öhdəlikləri yerinə yetirdiyi halda, düşmən ölkənin imzası ilə təsdiqlədiyi prinsiplərdən yayındığını, Naxçıvan Muxtar Respublikası ilə quru sərhədin bu günədək açılmamasının sırf Ermənistanın yayğın siyasətinin nəticəsi olduğunu dedi. İlham Əliyev çıxışında, həmçinin belə qeyri-müəyyən vəziyyətin uzun müddət davam etməyəcəyini də qətiyyətlə vurğuladı”.

Onun sözlərinə görə, İlham Əliyev zəfər qazanmış ordu qarşısında bütün dünyaya səslənərək, ölkəmizin dayanıqlı sülh və inkişaf tərəfdarı olmasına baxmayaraq, hələ də müəyyən qüvvələrin bölgədə yeni münaqişə yaratmaq cəhdlərininin olduğunu bildirdi: “O bu çıxışında bir daha Ermənistanı götürdüyü öhdəlikləri yerinə yetirməyə çağıraraq, beynəkxalq təşkilatları bu öhdəliklərin yerinə yetirilməsinə məcbur etməyə dəvət etdi. Təcavüzkar Ermənistanın 44 günlük hərbi-siyasi darmadağından sonra revavanşizm cəhdlərinin arxasında xarici qüvvələrin dayandığını açıq bildirən Prezident İlham Əliyev bu məsələdə də dövlətimizin sərt və barışmaz mövqeyini diqqətə çatdırdı. Rus sülhməramlılardan tutmuş, bəzi dövlətlərin təxribatçı qüvvələrinədək Ermənistanın güvəndiyi bütün mövqelərin əbəs olduğunu da vurğulayan dövlət başçımız bu ümidlərin də puça çıxacağını qeyd etdi. Prezidentimiz Zəfər bayramı münasibətilə Şuşadakı son çıxışında Ermənistanın təkcə Azərbaycana qarşı deyil, həm də bütün İslam dünyasına eləcə də bəşər mədəniyyətinə, dünya mirasına qarşı törədilmiş təcavüzkar siyasət adlandırıbdır. O, Qarabağda məscidlərin dağıtdığı, müqəddəs ziyarətgahların təhqir edilməsinin qəbuledilməz olduğunu bildirdi.İslam aləminin erməni işğalçılarına, Xocalı soyqırımını törədənlərə qarşı səylərin səfərbər edilməsinə, birgə mübariz aparmağın və barışmaz olmağın vaxtı çatdığını qeyd edibdir. İslama və müsəlmsns qarşı belə dəhşətli hadisə törədən dövlətə qucaq açan müsəlman ölkələrinə möhtərəm Prezidentimizin çıxışında “Bu, riyakarlıqdır, bu, satqınlıqdır”.ifadə olundu”.

Dövlət başçısı çıxışında böyük qələbəmizin təməlində duran milli birlik və vətəndaş həmrəyliyini də yüksək dəyərləndirərək, Azərbaycanda aparılan dövlət siyasəti nəticəsində respublikada yaşayan bütün xalqların milli və dini mənsubiyyətindən asılı olmayaraq, böyük bir ailəyə çevrildiyini xatırlatdı: “O bu birliyi dünya miqyasında nadir dəyər kimi vurğuladı. Daxili çaxnaşma və etnik qarşıdurmalar burulğanında olan müasir dünyada Azərbaycanın məhz bu milli birlik, bu vəhdət sayəsində sabitlik və inkişaf ölkəsinə çevrildiyini diqqətə çatdırdı. Yekun olaraq hər bir azərbaycanlı üçün qürur duyduğu əziz Prezidentimizin 8 Noyabr Zəfər Gününün ikinci ildönümündə bu Zəfərin simvoluna çevrilmiş Şuşadakı tarixi çıxışı Azərbaycanın regional gücünü, xalqımızın və dövlətimizin milli maraqlarını təmin etmək qüdrətini bir daha nümayiş etdirdi”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR