İnsanı möhkəmləndirən, onu mübariz edən, ayaqda qalmasına zəmin yaradan acıdır, iztirabdır, çətinlikdir, həyatın eniş-yoxuşlarıdır. Bunu hansısa kitabdan oxumaqla anlamaq mümkün deyil.
Gərək özün bu ağrı-acını yaşayasan, bərkə-boşa düşəsən, sənə dəyən zərbələrdən yıxılanda özünü toparlayıb ayağa durasan ki, güclənəsən.
Arxanda, yaxud yanında kimin olmasından asılı olmayaraq, öz içində təpər olmasa, heç vaxt güclü ola bilməyəcəksən. Bunu mənə keçdiyim həyat yolu öyrədib. Çünki güvəndiyimiz dağlara biz uşaq ikən qar yağmışdı. Yıxıldıq, əzildik, silkinib durduq, böyüdük, öz ayağımız üstə dayanmağı öyrəndik. Nə yanımızda, nə də arxamızda bir kimsə var idi. Bircə başımızın üstündəki Allahdan başqa...
İndi yerimizdə qaya kimi möhkəm dayanmışıq. Odur ki, heç bir dağın qarlı havası bizi üşüdə, heç bir güc bizi yerimizdən tərpədə bilməz.
Bu böyüklüyə, bu mətinliyə, bu möhkəmliyə sahib olmaq bizə çox baha başa gəlib. Bunun bədəlini çox ağır ödəmişik. Hər zaman o fikirdə olmuşam ki, dərd insanı əzmir, əzilməyə qarşı daha davamlı, daha müqavimətli, daha güclü edir. Təbii ki, heç kimə belə güclənməyi, belə möhkəmlənməyi arzulamıram. O ağır mərhələni keçmək elə də asan olmur. Bəzən insan yarı yolda məğlubiyyət bayrağını qaldırmaq, dərdə, qəmə tabe olmaq məcburiyyətində qalır. Amma üsyankar ruhlular heç vaxt məğlubiyyəti qəbul etmirlər. Və beləcə bərkiyirlər...
Dərdli adam dərdlini uzaqdan tanıyar. Bəzən mənə elə gəlir ki, bütün dərdli, sınıq adamların ruhlarını bir-birinə hansısa tellər bağlayır. Aralarında uzaq məsafələr, uzun fasilələr olsa da, gözlərindəki iztirabdan anlayırlar eyni olduqlarını. İllərdir ki, bir xalq olaraq itkilərimiz, acılarımız olur. Hər şəhid xəbəri gələndə hamımız yanmışıq, qovrulmuşuq, amma əzizi şəhid olanlar həmişə ikiqat yanıblar. Atamın şəhid xəbərini aldığım gündən 30 ilə yaxın vaxt keçib, amma hər dəfə başqa bir evə şəhid xəbəri gələndə o günü bir daha yaşayıram. O acını bütün hüceyrələrimdə yenidən hiss edirəm. “Zaman dərdləri unutdurur” deyirlər, amma... düz demirlər, elə şey yoxdur. Zaman, sadəcə, dərdləri, yaraları qaysaqladır. Eyni dərddən görəndə, qaysağımız qopur, yaramız qanayır, dərdimiz təzələnir...
Bu günlərdə əməkdaşlarımız "Qaraheybət" aviasiya poliqonunda təlim zamanı şəhid olmuş zabitimiz Cavid Bayramlının evindən reportaj hazırlamışdılar. Şəhidin qızı Mira Bayramlı atası üçün necə darıxdığını ifadə etdiyi üç cümlənin əks-sədası hələ də qulağmdan getmir. Dünyanın bütün acılarını özündə təcəlla etdirən gürz kimi ağır cümlələr... O qızcığazın: “Atamla vidalaşmaq üçün Şəhidlər Xiyabanına gedəndə artıq yolda darıxmağa başladım”, - deyərək kövrəldiyini, amma yenə də özünü qürurlu aparmağa çalışdığını, yəqin ki, hələ uzun müddət unuda bilməyəcəyəm.
Sosial şəbəkədəki hesabımda sözügedən paylaşıma olan 30 mindən çox baxış, yüzlərlə üzgün rəylər bizim bir millət olaraq nə qədər yaralı olduğumuzu bir daha göstərdi.
Dostumuz, Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədlinin də həmin paylaşımdan təsirlənib mənə telefon açması “eyni dərdi olanlar bir-birini anlayar” həqiqətinin üzərinə işıq saldı. Axı o da əzizini vətən uğrunda şəhid verib. Belə baxanda, biz dərddaş sayılırıq.
Bəli, eyni dərdi olan adamlar bir-birini sözsüz də anlayırlar. Natiq bəylə telefon danışığımız elə bu cür oldu. Titrək səslə: “Şəhid qızının danışığı məni çox təsirləndirdi...” - dedi və sonra... danışa bilmədi. Heç mən də nəsə deyə bilmədim. İkimiz də kövrəldik, özümüz danışmadıq, amma ruhlarımız bir-birinə çox şey dedi. Kim bilir, bəlkə də, ən dərin, ən dəruni söhbətlər beləcə - bir yerdə susmaqla edilir.