• Bakı 12° C

    3.29 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Teatrımız 150 illiyinə hazırlaşır

MƏDƏNİYYƏT

01 Mart 2023 | 14:41 | Müəllif: Qalib İbrahimoğlu

Teatrımız 150 illiyinə hazırlaşır

Bu il Azərbaycan peşəkar milli teatrının yaradılmasının 150 ili tamam olur.

Bakıvaxtı.az xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

"2023-cü ildə Azərbaycan peşəkar milli teatrının yaradılmasının 150 ili tamam olur.

Azərbaycan teatrı XIX əsrin taleyüklü ictimai-siyasi hadisələri fonunda köklü dəyişikliklər baş verərkən böyük maarifçi Mirzə Fətəli Axundzadənin ədəbiyyatımıza dram janrını gətirdiyi və xalq teatrının peşəkar milli teatra çevrildiyi bir vaxtda təşəkkül tapmışdır. Həmin dövrdə ziyalılarımızın Bakı, Şuşa, Şəki, Lənkəran, Naxçıvan, Tiflis və İrəvanda təşkil etdikləri tamaşalar bu şəhərlərin mədəni həyatında mühüm rol oynamışdır.

Azərbaycan teatrı həmişə fəal mövqeyi ilə seçilərək ictimai fikrin ön sıralarında dayanmış, cəmiyyətin mədəni tərəqqisinə və milli şüurun inkişafına əhəmiyyətli təsir göstərmişdir. Ədəbi fikir tariximizin görkəmli nümayəndələri xalqa müraciət üçün teatr səhnəsindən yüksək xitabət kürsüsü kimi istifadə etmişlər.

Dramaturgiyamızın tarixinin hər bir inkişaf mərhələsində Azərbaycan teatrı orijinal aktyor məktəbi ilə əlamətdar olmuş, yüksək səhnə mədəniyyətinə malik sənətkarlar və istedadlı rejissorlar nəsli yetişdirmişdir. Ölkəmizdə bütünlüklə milli dəyərlər zəminində dolğun fəaliyyəti üçün geniş inkişaf perspektivləri açılan teatrlar şəbəkəsi vardır. Bu teatrların kollektivləri dünya təcrübəsindən uğurla bəhrələnərək davamlı yeniləşdirdikləri repertuarlarında mütərəqqi məzmunlu, humanist ideyalı əsərlərə xüsusi yer ayırmış, insanlarımıza milli dramaturji irsin dərin mənəviyyat aşılayan şah əsərləri və xarici ədəbiyyatın estetik zövq formalaşdıran qiymətli nümunələri ilə daha yaxından tanış olmaq imkanı qazandırmışlar.

Azərbaycan teatrı xalqımızın mədəni sərvətidir. Həmin sərvətin qorunması və inkişaf etdirilməsi Azərbaycan dövlətinin mədəniyyət siyasətinin əsas prioritetlərindən biridir. Respublikamıza rəhbərlik etməyə başladığı ilk illərdən milli-mənəvi dəyərləri ön planda tutmaqla tarixi-mədəni irsimizə münasibətdə dönüş yaradan Ulu Öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və iştirakı ilə Azərbaycan teatrının 100 illik yubileyinin təntənəli qeyd olunması diqqətəlayiq mədəniyyət hadisəsinə çevrilmiş və teatrımızın çiçəklənməsinə yeni stimul vermişdir".

Sərəncama əsasən, Mədəniyyət Nazirliyi Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Bəs Azərbaycan teatrları yubileyə necə hazırlaşır?

Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirib ki, Azərbaycan teatrının 150 illik yubileyinin qeyd olunması ilə bağlı sərəncam mədəniyyət və teatr xadimləri, həmçinin tamaşaçılar tərəfindən çox böyük sevinc və məmnuniyyətlə qarşılanıb: “Əlbəttə, bu əlamətdar tarixə Akademik Milli Dram Teatrı da öz töhfəsini verəcək. Martın 10-da teatrın repertuarında uğurla oynanılan “Lənkaran xanının vəziri” tamaşası təqdim olunacaq. Tamaşanın təqdimindən əvvəl isə tədbir təşkil olunacaq. Həmin tədbirdə teartrın tarixi ilə bağlı çıxışlar olacaq. Eyni zamanda, teatrın inkişafında xidmətləri olan görkəmli sənətkarlarımız mükafatlandırılacaq. Bu, təkcə yaşlı nəsli əhatə etməyəcək. Gənc və orta nəsldən olan aktyorlar da mükafatlandırılacaq”.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrın mətbuat katibi Fəridə Aslanova Rüstəmova Bakıvaxtı.az-a deyib ki, Musiqili Teatrdan Peşəkar Milli Teatrımızın 150 illik yubileyində Azərbaycan Dövlət Akademik Musiqili Teatrı peşəkar milli teatrımızın yaranmasının 150 illik yubileyi münasibətilə "Premyeralar paradı" layihəsi çərçivəsində üç yeni tamaşasını təqdim edəcək: “Layihə çərçivəsində təqdim olunacaq bu tamaşalar mart ayının 8-də və 11-də "Nəğməmə inan" (rus dilində), 9-da "Kimyagər (Azərbaycan dilində), 10-da isə “Anamın kitabı” (ingiliscə) nümayiş olunacaq. Tamaşalar axşam saat 19:00-da başlayır. Xatırladaq ki, Xalq artisti, görkəmli bəstəkar Polad Bülbüloğlunun musiqiləri əsasında hazırlanan “Nəğməmə inan” tamaşasının quruluşçu rejissoru teatrın baş rejissoru Cavid İmamverdiyev, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Nigar Şahmuradova, xormeysteri Əməkdar artist Vaqif Məstanovdur”.

Mətbuat katibi bildirib ki, “Kimyagər” tamaşası görkəmli dramaturq Mirzə Fətəli Axundzadənin “Hekayəti-Molla İbrahimxəlil kimyagər” əsəri əsasında hazırlanıb: “Tamaşanın musiqisi Xalq artisti, bəstəkar Səyavuş Kərimiyə məxsusdur. Əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluşunda səhnəyə qoyulan bu tamaşanın ikinci rejissoru Elməddin Dadaşov, quruluşçu rəssamı Sevinc Həsənova, xormeysteri Əməkdar artist Vaqıf Məstanov, rejissor assistenti Tamilla Aslanovadır. Musiqili Teatrda Mədəniyyət Nazirliyinin layihəsi olan “Anamın kitabı" tamaşası isə Azərbaycan dramaturgiyasının klassik nümunələrindən olan Cəlil Məmmədquluzadənin "Anamın kitabı" əsəri əsasında hazırlanıb. Səhnə əsərinin quruluşçu rejissoru İradə Gözəlova, tərcümə edəni Tərlan Rəsulov, quruluşçu rəssamı Vüsal Rəhim, videomühəndisi Murad Həsənovdur. Döyüş səhnələrinin və rəqslərin quruluşu Xalq artisti Pərviz Məmmədrzayev və rejissor Zaur Əliyevə aiddir. Akademik Musiqili Teatr bütün teatrsevərləri teatr bayramına dəvət edir. Biletləri şəhərin bütün mərkəzləşdirilmiş kassalarından, “ASAN xidmət” mərkəzlərindən, eləcə də “İticket.az” saytından əldə etmək mümkündür”.

Azərbaycan Dövlət Kukla Teartrının mətbuat katibi Həmidə Rüstəmova Bakıvaxtı.az-a açıqlamasında vurğulayıb ki, Azərbaycan peşəkar milli teatrının yaranmasının 150 illiyi ilə bağlı Kukla Teartrının tədbirlər planı var: “İl ərzində bu tədbirlər planı davam edəcək. Bunlardan biri səyyar tamaşalar həftəsidir. Ölkənin beş bölgəsində səyyar tamaşalarla iştirak edəcəyik. Repertuarımızda 45 tamaşa var. Həmin tamaşaları bölgələrdəki xalq teatrları ilə birgə hazırlamağa çalışırıq ki, o bölkələrin də kukla teatrı tamaşaları daha da zənginləşsin. Bundan başqa, Azərbaycan Dövlət Kukla Teatrının artıq bir neçə festivala dəvəti var. Bu dəvət çərçivəsində “Müsyö Jordan və dərviş Məstəli şah” tamaşası ilə çıxış edəcəyik. Əlavə olaraq, 10 mart Milli Teatr Günü münasibətilə martın 9-da həssas qrupa daxil əlliliyi olan uşaqlarla teatrın nəzdindəki “Oyuq” teatr-studiyasının bir tamaşası olacaq. Teatr gününü isə 10 mart Ağalı kəndində qeyd edəcəyik”.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının mətbuat katibi Samirə Əşrəf Bakıvaxtı.az-ın sorğusuna cavabında qeyd edib ki, Azərbaycan peşəkar milli teartrının yaranmasının 150 illik yubileyi münasibəti ilə verilən sərəncam, teatr mühiti və tamaşaçılar tərəfindən böyük sevinc və yüksək əhval ilə qarşılanıb: “Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 1928-ci ildən bəri fəaliyyət göstərir. GTT arandığı gündən indiyə qədər dünya və yerli klassiklər ilə yanaşı, həm də çağdaş əsərləri zaman-zaman teatrın səhnəsində təqdim edib. Bu ənənəyə sadiq qalaraq teatrın yaranmasına töhvə olaraq ötən ilin sonunda Mehriban Ələkbərzadənin quruluşunda “Kod adı: V.X.A” tamaşası təqdim olundu. Bu tamaşa repressiyaya məruz qalan insanların və onların ailə üzvlərini həyatından bəhs edir. Bu tamaşa istər tarixi, istər teatr, istəsə də ədəbi nöqteyi-nəzərdən çox əhəmiyyətli hadisədir”.

Dediyinə görə, GTT 150 illik yubileyə çox ciddi şəkildə hazırlaşıb: “Mart ayının 10-da isə Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkaran” tamaşası nümayiş olunacaq. Bu tamaşa uzun illərdir ki, tamaşaçılar tərəfindən maraqla izlənilinir. Təbii ki, ilk boyu da sərəncama uyğun olaraq teatrımızın maraqlı tamaşaları olacaq. Onu da qeyd edim ki, aprel ayında 44 günlük Vətən müharibəsinə ithaf olaraq “Balaca kişilər” tamaşasının premyerasını etmək istəyirik. Hazırlıqlar bu tamaşa üzrə gedir”.

Bakı Uşaq və Gənclər Teatrı və Mingəçevir Dövlət Dram Teatrının mətbuat katibi Leyla Həşimova Bakıvaxtı.az-a biıdirib ki, Azərbaycan teatrının yaranmasının 150 illiyi ilə əlaqədar Bakı Uşaq və Gənclər Teatrı və Mingəçevir Dövlət Dram Teatrı ilə 10 mart tarixində "Keçəlin kələyi" tamaşası nümayiş olunacaq: “Tamaşada hər iki teatrın aktyorları iştirak edəcək. Tamaşanın rejissoru respublikanın əməkdar artisti İntiqam Soltandır. 150 illiklə bağlı "İki teatr, bir festival" layihəsi çərçivəsində mono-tamaşalar festivalı keçirir. Layihənin rəhbəri teatrın direktoru, Əməkdar artist İntiqam Soltandır. Hal-hazırda təxminən 30-a yaxın tamaşa üzərində hazırlıq məşqləri davam edir. Festival barədə yaxın günlərdə ətraflı məlumat veriləcək”.

«YUĞ» dövlət teatrının bədii-dram hissəsinin rəhbəri Elçin Cəfərov Bakıvaxtı.az-ın sorğusuna cavabında qeyd edib ki, Respublika Prezidentinin Azərbaycan peşəkar teatrının 150 illiyinin keçirilməsi ilə bağlı müvafiq Sərəncamı milli peşəkar teatrın yubileyinin daha geniş miqyasda keçirilməsini təmin edəcək: “Azərbaycan Dövlət YUĞ Teatrı 150 illik yubiley münasibəti ilə ölkə miqyasında həyata keçirilən yubiley tədbirlərinə qoşulacaq. Bununla yanaşı teatrda bir sıra mühüm layihələr də həyata keçiriləcək. Hazırda teatrda yeni əsərlər üzərində məşqlər davam edir. Teatr beynəlxalq layihələrə xüsusilə üstünlük verir. Beynəlxalq əməkdaşlıq layihəsi çərçivəsində teatrın baş rejissoru Mikayıl Mikayılov hazırda Qazaxıstanda beynəlxalq səfərdədir. Rejissor Qazaxıstanın Karaqanda və Astana şəhərlərində 2 tamaşa hazırlayacaq. Bu il YUĞ teatrının 2 beynəlxalq festivalda iştirakı nəzərdə tutulur. Azərbaycanın müxtəlif bölgələrinə, eləcə də xarici ölkələrə qastrol səfərləri də cari ildə nəzərdə tutulan tədbirlərdəndir. Teatrda Yuğ+ adlı yeni layihə üzərində iş gedir. Yuğ+ teatrın gündəlik tamaşa hazırlığı və nümayişi ilə yanaşı, fərqli layihələr həyata keçirməyi hədəfləyir”.

“M.Teatr”ın mətbuat katibi Turan Etibaroğlu Bakıvaxtı.az-a bildirib ki, bu il teatr mövsümündə müstəqil "M.Teatr"ın səhnəsində bir-birindən maraqlı tamaşalar teatrsevənlərə təqdim olundu: “Bir neçə tamaşaların məşqləri gedir. Yaxın günlərdə premyerımız olacaq. Bir sözlə Bizim gördüyümüz hər bir iş 150 illiyə ithaf olunur:"150 il geriyə və 150 il irəliyə"”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026