Cəmiyyətin həyatında, insanların zövqünün formalaşmasında, bilik əhatəsinin genişlənməsində, savadlanmasında, informasiya ilə təmin olunmasında mühüm amillərdən biri, bəlkə də birincisi elmi-kütləvi, mədəni-maarif, təhsil proqamlarıdır ki, onların inkişaf etdirilməsi çox vacibdir.
Təhsil eksperti Kamran Əsədov Bakıvaxtı.az-a bildirib ki, tədris planı əsasında bütün fənlər üzrə tədris proqramları tərtib olunur: “Tədris proqramlarında aşağıdakılar öz əksini tapır: 1) fənnin öyrənilməsi vəzifələri haqqında izahat vərəqəsi, şagirdlərin bilik və bacarıqlarına verilən tələblər, təlimin tövsiyə olunan forma və metodları; 2) öyrənilən materialın tematik məzmunu; 3) fənnin ayrı-ayrı mövzularının öyrənilməsinə müəllimin sərf edəcəyi saatların təxmini miqdarı; 4) dünyagörüşünün əsas elementlərinin siyahısı; 5) fənlərarası və kurslararası əlaqələri yaratmaq üçün göstərişlər; 6) tədris avadanlığının və əyani vəsaitlərin siyahısı; 7) tövsiyə edilən ədəbiyyat. Təhsildə diferensiya proseslərinin dərinləşməsi ilə əlaqədar olaraq tədris proqramlarının müxtəlif variantları (alternativ variantları) işlənib hazırlanır. Hər hansı bir tədris müəssisəsində şagirdlərin maraq və imkanlarına uyğun olaraq bir fənn üzrə bir neçə variantda proqram tətbiq edilməsi təklif olunur. Diferensial proqramlardan istifadə etmək, fənni dərindən və ya əksinə, öyrənəcək siniflər yaratmaq haqqında qərarı məktəb şuraları verir. Təbiət və cəmiyyət hadisələrindəki qarşılıqlı əlaqəyə və elmlər arasındakı inteqrasiyaya uyğun olaraq fənlərarası və fəndaxili əlaqələr də tədris proqramında nəzərdə tutulur. Deməli, tədris planına əsasən fənnin hissələrini və ya bölmələrini, mövzularını, mövzulara aid məsələləri göstərən, fənn üçün ayrılmış saatları mövzular arasında bölüşdürən və izahat vərəqinə malik olan sənədə tədris proqramı deyilir. Tədris planları və proqramları məsələsi müxtəlif ölkələrdə başqa-başqa həll olunur. Məsələn, ABŞ-da eyni tipli məktəblər üçün ölkə miqyasında tədris planı və ya tədris proqramları yoxdur. Tədris planı və tədris proqramlarını ştatlar tərtib edirlər. Orada hətta tək-tək məktəblər lazım olan sənədləri özləri hazırlayır və tətbiq edirlər”.
Ekspert qeyd edib ki, amma 2009-cu ildə "Təhsil haqqında" qanun qəbul edildikdən sonra təhsilin müəyyən pillələri və növləri üzrə hüquqi sənədlərdə ciddi şəkildə boşluq var: “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması 2009-cu ildə "Təhsil haqqında" qanun qəbul edildikdən sonra təhsilin müəyyən pillələri və növləri üzrə hüquqi sənədlərdə ciddi şəkildə boşluq var". Kurikulum sistemi köhnəlib, yeni təhsil standartları üzərində işləmək lazımdır. Xüsusən də orta təhsil məktəblərinin, maddi-texniki bazanın idarə edilməsində, ali təhsil müəssisələrində semestr qiymətləndirilməsində normativ hüquqi aktlarda ciddi problemlər var. Bəzi vəzifələrin tutulması, vəzifə müddəti ilə bağlı problemlər var. Zaman-zaman kurikulum standartları ilə müasir standartlara uyğun tədris qurmaq istəyəndə başa düşdük ki, bizim hüquqi sənədlərimizdə boşluqlar bizə keyfiyyətli təhsili təşkil etməyə mane olur. Ona görə də normativ hüquqi aktlarda birmənalı şəkildə dəyişiklik yaranmalı idi. Biz tədris proqramları, xüsusən tədrisin həyata keçirilməsi ilə bağlı ciddi boşluqların şahidi oluruq. Hesab edirəm ki, Azərbaycanda yeni təhsil standartlarına uyğun tədris proqramlarının qurulmasına böyük ehtiyac var. 2009-cu ildə "Təhsil haqqında" qanun və 2011-ci ildə orta ümumtəhsil məktəblərinin nizamnaməsinin qəbul edilməsi yeni tədris resurslarının yaradılmasını zəruri edirdi. Çünki biz 2008-ci ildə kurikulum standartlarına uyğun tədris prosesini təşkil etməyə başlamışıq. Məlum olub ki, bizim bu formatda təhsili təşkil etməklə bağlı ciddi problemlərimiz var. Əsas problem isə bundan ibarətdir ki, sözügedən tədrisi həyata keçirə biləcək müəllim kontingentimizin olmaması, məktəbdaxili qiymətləndirmə normativinin olmaması yeni standartların və proqramların işlənməsini qaçılmaz edir. Biz kurikulum tədris sisteminə keçsək də, etiraf edək ki, kurikulum bizdə müasir tələblərə cabvab vermir. Ona görə də mütləq şəkildə kurikulumun yeni standart və tələblərini dəyişməliyik. Təhsil proqramları 2013-cü ildə Prezident tərəfindən qəbul edilən təhsilin inkişafı üzrə Dövlət Strategiyasına uyğun olmalıdır. Bu gün müasir dövrün tələbləri təhsilin inkişafı üzrə Dövlət Strategiyasında qeyd olunub”.
Nuranə Daxilqızı