• Bakı 34° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.9409

    RUB - 2.1107

ABŞ-Rusiya xəttində ehtiyatlı yaxınlaşma? - Daha çox şərtli dialoq mərhələsi başlayır

DÜNYA

04 Avqust 2025 | 10:11

ABŞ-Rusiya xəttində ehtiyatlı yaxınlaşma? - Daha çox şərtli dialoq mərhələsi başlayır

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoffun bu həftəsonu Moskvaya səfəri diqqətçəkən geosiyasi hadisələrdən biri kimi dəyərləndirilir.

Trampın ikinci prezidentliyinin əvvəlində Rusiya ilə dialoqa açıq mövqe nümayiş etdirməsi və Ukrayna məsələsində Zelenskiyə təzyiqləri fonunda belə bir səfər ciddi siyasi siqnallar verir. Son dövrlərdə isə Trampın ritorikasında dəyişiklik müşahidə olunur və o, birbaşa şəkildə Putini sülh təşəbbüslərinə yanaşmamaqla ittiham edib.

Bəs bu səfər ABŞ-Rusiya münasibətlərində hansı istiqamətlərin konturunu çəkir?

Mövzunu Bakıvaxtı.az-a politoloq Züriyə Qarayeva şərh edir. Onun sözlərinə görə, bu səfər simvolik deyil, real diplomatik təşəbbüsün əlamətidir. Tramp ikinci dəfə hakimiyyətə gəldikdən sonra ilk aylarında Rusiya ilə münasibətləri normallaşdırmağa çalışsa da, bu siyasət tədricən dəyişməyə başladı:

“Hazırda müşahidə etdiyimiz səfər Tramp administrasiyasının Moskva ilə münasibətləri daha praqmatik və nəzarətli şəkildə tənzimləmək istədiyini göstərir. Bu, həm də Vaşinqtonun Rusiya ilə bağlı mövqeyinin əvvəlki ritorikadan fərqli olaraq daha strateji bir baxışla formalaşdığını göstərir”.

Tramp əvvəllər Putinə yaxın davranış sərgiləyirdi. Lakin indi onu sülhə yaxınlaşmamaqda ittiham edir. Müsahibimiz qeyd edib ki, bu, əslində Trampın xarici siyasət üslubuna xas olan bir davranışdır:

“O, əvvəlcə kompromisə açıq olduğunu nümayiş etdirir, lakin əgər qarşı tərəfdən real irəliləyiş görmürsə, tez və sərt şəkildə tənqidə keçir. Trampın Putini tənqid etməsi onu göstərir ki, Rusiya ilə ilkin razılaşma istəkləri qarşılıqsız qalıb və indi məsuliyyətin açıq şəkildə Kremlin üzərinə qoyulması hədəflənir. Bu, həm daxili ictimaiyyətə, həm də beynəlxalq tərəfdaşlara Trampın Rusiya qarşısında “yumşaq” olmadığı mesajını verir”.

“Bu səfər Bayden administrasiyasının əvvəlki siyasətinə zidd sayılırmı, yoxsa ABŞ daxilində ardıcıl yanaşma kimi oxunmalıdır” sualıa həmsöhbətimizin cavabı belə olub:

“Bu, Baydenin sərt və sanksiyalar üzərində qurulan siyasətindən açıq şəkildə fərqlənir. Uitkoffun səfəri paralel diplomatiya deyil, artıq rəsmi siyasətin təzahürüdür. Tramp administrasiyası Baydendən fərqli olaraq daha çox dialoq və razılaşma üzərində fokuslanır. Burada əsas məsələ isə odur ki, Tramp bu diplomatiyanı ABŞ-nin maraqlarına uyğun şəkildə formalaşdırmaq istəyir. Yəni sərt deyil, amma tam güzəştə gedən də deyil”.

Züriyə Qarayeva: Tramp bu diplomatiyanı ABŞ-nin maraqlarına uyğun şəkildə formalaşdırmaq istəyir

Z.Qarayeva S.Uitkoffun Moskvadakı təmaslarının hansı sahələr üzrə ola biləcəyində də danışıb. Dediyinə görə, bir neçə istiqamət önə çıxır:

“Əvvəla enerji təhlükəsizliyi: ABŞ və Rusiya enerji bazarlarında mühüm oyunçulardır və bu sahədə koordinasiya vacibdir.

İkinci əsas mövzu Ukrayna münaqişəsi və mümkün danışıqlar yollarıdır. Tramp administrasiyası müharibənin uzanmasını istəmir və sülh təşəbbüslərini sınayır”.

Politoloq görə, digər bir mövzu isə informasiya təhlükəsizliyi və seçki müdaxiləsi məsələləridir. Onun sözlərinə görə, Tramp bu məsələdə şəffaf görünməyə çalışır və Kremlin seçkilərə müdaxilə etmədiyini göstərmək istəyir. Eyni zamanda, qarşılıqlı güvən üçün yeni mexanizmlərin qurulması ehtimalı da istisna deyil.

Bu səfərin ABŞ-nin NATO müttəfiqləri tərəfindən necə qəbul edilə biləcəyinə gəlincə, Qarayeva bildirib ki, NATO daxilində müəyyən ehtiyatlılıq olacaq. Avropa ölkələri Rusiya ilə münasibətlərin yalnız kollektiv koordinasiya ilə qurulmasını istəyirlər. Tramp isə fərdi şəkildə təşəbbüslər göstərir. Bu, bəzi Avropa paytaxtlarında narahatlıq doğura bilər. Amma əgər bu səfər nəticə verərsə və Moskva real addımlar atarsa, Qərbdə də münasibət dəyişə bilər.

Müsahibimiz sonda onu da deyib ki, bu səfər iki lider arasındakı münasibətin artıq əvvəlki kimi “şəxsi dostluq” üzərində qurulmadığını göstərir:

“İndi daha çox ehtiyat, hesablılıq və şərtli dialoq mərhələsi başlayır. Tramp Putinlə danışmağa hazırdır, amma indi o, əvvəlki illərdə olduğu kimi güzəştə getmək deyil, nəticə tələb edir. Bu da ABŞ-Rusiya münasibətlərində yeni dövrün başladığını göstərir”.

Zülfü Məmmədov


SON XƏBƏRLƏR

03 Avqust 2025