"Ali məktəblərdə sosiologiya və psixologiya elmlərinin tədrisi dalana sıxılıb. Müəllimlərin fənlərdəki yeniliklərdən xəbərləri yoxdur".
Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Etibar Əliyev bildirib.
Deputat 2016-cı ilin oktyabrın 10-da Bakı Ali Neft Məktəbinin 4-cü kurs tələbəsi Abbasov Hüseyn Maarif oğlunun intihar etdiyini xatırladaraq, onun qəbul imtahanlarından 670 bal topladığına diqqət çəkib.
"2022-ci ilin oktyabrın 7-də UNEC-in 4-cü kurs tələbəsi Şəhriyar Səmədov Bakının Nizami rayonu Qara Qarayev prospektində kirayə yaşadığı mənzildə özünü asıb. Şəhriyar 684,8 bal toplayaraq UNEC- ə qəbul olunmuşdu. O, həm də Prezident təqaüdçüsü idi. Etiraf edək ki, hər iki Ali məktəbdə yüksək təhsil mühiti formalaşdırılıb. Ancaq belə bir analogiya dəhşətdir!”
E.Əliyev bildirib ki, bu iki dəyərli gəncin özlərinə qəsd etmələri insanın qanını dondurur: “İntihar aktları dərindən təhlil olunmalıdır. Əlbəttə ki, bu, sosioloqlarla psixoloqların işidir. Ali məktəblərdə sosiologiya və psixologiya elmlərinin tədrisi dalana sıxılıb. Müəllimlərin fənlərdəki yeniliklərdən xəbərləri yoxdur. Fəlsəfə isə ümumiyyətlə yığışdırılır. Cəmiyyət və fərdlə bağlı 3 elm sahəsinin tələbələrə tədrisi acınacaqlı durumdadır. Televiziyaları isə tənqid etmək olmaz. Bu sırf təfəkkür məsələsidir...”
Nuranə Daxilqızı


















