“ABŞ-nin ciddi təhlükəsizlik məsələləri vardı. Məhz buna görə də Donald Tramp soyuğu bəhanə edib, Kapitoli təpəsində qapalı şəkildə inauqurasiya keçirdi”.
Bu barədə Bakıvaxtı.az-a açıqlamasında beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli ABŞ-nin 47-ci prezidenti Donald Tarmpın andiçmə mərasimi zamanı verdiyi vədlərin əhəmiyyətindən danışarkən bildirib.
Onun sözlərinə görə, Tramp Amerikanın qızıl dövrünün başladığını elan etdi:
“Birinci zərbəni miqrantlara endirdi. İkincisi, dünyaya güclü Amerika vədi verdi. Üçüncüsü, Amerikaya dünyanın ən güclü orduya malik olacağını bəyan etdi. Dördüncüsü Meksika ilə sərhəd məsələsinə toxundu. Bununla da, “Özünü qoruya bilməyən Amerika dünyanı qoruyur” yanaşmasını alt-üst etdi. Meksika körfəzinin Amerika körfəzi adlandırılması, ABŞ-nin “Paris konfransı”ndan çıxması, Ümumdünya Səhiyyə Təşkilatını tərk etməsi yeni başlanğıclardan xəbər verir. Maraqlıdır ki, Tramp neft və qaz erasını yenidən başladır. Dünya neft və karbohidrogen bazarı iqtisadiyyata və müharibələrə təsir göstərir. Burada yeni bir yanaşma izləyəcəyik. Baxaq görək yeni nələr baş verir”.
Ə.Əlibəyli onu da əlavə edeib ki, Amerika korporasiyalara böyük imkanlar yaradacaq:
“Elon Maskdan tutmuş Ceff Bezosa qədər hamısını yeni bir başlanğıc gözləyir. Ən azından Mark Zukerberqi gördük. Vilyam Mak-Kinlinin adını çəkdi, şəxsən Panama kanalını qeyd etdi. Məncə, D.Tramp özünü ABŞ-nin 25-ci prezidenti ilə müqayisə etməklə yeni torpaqlar ələ keçirməkdə israrlı olduğunu göstərir”.
Əziz Əlibəyli: Tramp münaqişə etmədən ölkəsini imperializmin zirvəsinə qaytarmağı hədəfləyir
Müsahibimiz hesab edir ki, Tramp Marsa getmək məsələsini boşuna vurğulamadı:
“İndiki silahlanma yarışı kosmosda da davam edirsə, ABŞ ən avanqard ölkəyə çevrilmək məcburiyyətindədir. Düşnürəm ki, Tramp münaqişələri bitirəcək və münaqişə etmədən ölkəsini imperializmin zirvəsinə qaytarmağı hədəfləyir. Şübhə yoxdur ki, belə bir möhtəşəm addımlar irəli sürür və bu cinsi bərabərlik məsələsində də təsdiqini tapır. Bu da maraqlı yanaşmadır”.
Qeyd edək ki, ABŞ-ın 47-ci prezidenti Donald Tarmp yanvarın 20-də and içərək vəzifəsinin icrasına başlayıb. Trampla yanaşı, Ceyms Devid Vens də vitse-prezident kimi and içib.
Məlumat üçün bildirək ki, mərasimdə Bill Klinton, Corc Buş, Barak Obama, Co Bayden, Kamala Harris, həmçinin bir sıra xarici liderlər iştirak ediblər.
Aydın Baxış