Türkiyənin “TÜRKKEP” şirkətinin rəhbər şəxsləri və Slovakiyanın Xarici İşlər Nazirliyinin nümayəndə heyəti Azərbaycana rəsmi səfər çərçivəsində “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olublar.
Bakıvaxtı.az xəbər verir ki, qonaqlara Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin müxtəlif fəaliyyət istiqamətləri, o cümlədən Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib.
Həmçinin Dövlət Agentliyinin 2015-ci ildə BMT-nin Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına və 2023-cü ildə “Qlobal Hökumət Mükəmməlliyi Mükafatı” Proqramı çərçivəsində “Dünyanın Ən Qabaqcıl Dövlət Xidməti” seçilərək xüsusi mükafata layiq görülməsi, o cümlədən “ASAN xidmət” modelinin müxtəlif ölkələrdə uğurla tətbiq olunduğu vurğulanıb.
Qonaqlar “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin, buradakı innovativ yeniliklərin onlarda yüksək təəssürat yaratdığını bildiriblər.
Görüş çərçivəsində nümayəndə heyətləri “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, səyyar “ASAN xidmət”in, "ABAD" publik hüquqi şəxsin fəaliyyəti ilə tanış olublar.