• Bakı C

    9.5 m/s

  • USD - 1.7

    EUR - 1.7643

    RUB - 1.6887

Cənubi Qafqazda regional əməkdaşlıq: Rəsmi Bakı yalnız 3+3 tərəfdaşlıq formatının tərəfdarıdır

SİYASƏT

05 Fevral 2025 | 16:30

Cənubi Qafqazda regional əməkdaşlıq: Rəsmi Bakı yalnız 3+3 tərəfdaşlıq formatının tərəfdarıdır

Ermənistan hökuməti 2025-ci ilin əvvəlində xarici siyasət sahəsində bir sıra strateji xarakterli qərarlar qəbul edib.

Bakıvaxtı.az-ın məlumatına görə, belə ki, yeni ilin ilk ayında Avropa İttifaqına (Aİ) üzvlük prosesinin başlanması haqqında qanun layihəsi hökumət tərəfindən təsdiqlənərək parlamentə göndərildi və ABŞ ilə strateji tərəfdaşlıq haqqında xartiya imzalandı. Bu addımlar baş nazir Nikol Paşinyanın öz ölkəsini Rusiyanın təsir sferasından uzaqlaşdıraraq dünyaya açmağa, Qərb dövlətləri və institutları ilə yaxınlaşmağa və inteqrasiyaya yönəlmiş vizyonunun praktik məzmun kəsb etməyə başladığını göstərir.

Maraqlıdır ki, Paşinyan hökumətinin qərarları Cənubi Qafqazın geosiyasi mənzərəsini hansı formada dəyişdirə biləcək?

Mövzu ilə bağlı politoloq Şahin Cəfərli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Ermənistanın ABŞ ilə imzaladığı strateji tərəfdaşlıq sənədi İrəvanın Rusiyaya xəyanəti kimi qiymətləndirilir. Bu saziş həmçinin İranın maraqlarına qarşıdır:

"Avropa İttifaqına üzvlük normal dövrdə olduqca uzunmüddətli prosesdir və təşkilatın müxtəlif sahələrdə müəyyənləşdirdiyi çoxsaylı meyarlara tam uyğunlaşmaq tələb olunur. Hazırda Gürcüstanda yaranmış problemlər fonunda Aİ Ermənistanla əlaqələri intensivləşdirmək və dərinləşdirməyə çalışmaqla Cənubi Qafqaza olan marağını bariz ortaya qoymuş olur. Aİ-dən bildirilib ki, Ermənistanla əlaqələr heç vaxt indiki qədər yaxın olmayıb və hazırlanan qanun layihəsi bu ölkənin hökuməti ilə müzakirə ediləcək. Şübhəsiz ki, 2022-ci ilin oktyabrında Azərbaycanla sərhədə monitorinq aparmaq məqsədilə Ermənistana qısamüddətli (2 aylıq), 2023-cü ilin yanvarında isə uzunmüddətli (2 illik) mülki müşahidə missiyasının göndərilməsi haqqında Aİ-nin qərarı tərəflər arasında əlaqələrin yeni səviyyəyə qalxmasından xəbər verir".

Ş.Cəfərli vurğulayıb ki, Azərbaycan Ermənistanda Rusiyanın boşluğunu Qərbin doldurmasının əleyhinədir.

"İlham Əliyevin son açıqlamalarına əsasən, Azərbaycan Aİ müşahidə missiyasının Ermənistanı tərk etməsini, Qərb dövlətləri ilə Ermənistan arasında silahlanmanı əhatə edən hərbi əməkdaşlığın dayandırılmasını, Aİ-nin Sülh Fondundan Ermənistana maliyyə ayrılmasına son qoyulmasını, regiondan kənar güclərin - Aİ və ABŞ-nin Cənubi Qafqazdakı məsələlərə qarışmamasını tələb edir. Ermənistanın Rusiya liderliyindəki təhlükəsizlik strukturu və məkanından uzaqlaşaraq, Fransa və Aİ ilə hərbi sahədə əməkdaşlığa başlaması birbaşa təhlükə hesab olunur”.

Şahin Cəfərli: Ermənistanın  Fransa və Aİ ilə hərbi sahədə əməkdaşlığa başlaması birbaşa təhlükə hesab olunur

Müsahibimizin sözlərinə görə, Bakı hesab edir ki, Cənubi Qafqazdakı problemlər və regional əməkdaşlıq məsələləri yalnız 3+3 tərəfdaşlıq formatı çərçivəsində həll olunmalıdır:

“Aİ və ABŞ-nin geosiyasi oyunçu kimi bölgəyə müdaxiləsinə və Cənubi Qafqazı öz təsir sferasına daxil etməsinə qarşı çıxan Azərbaycan hakimiyyəti Qərb dövlətləri və institutlarını yalnız iqtisadi, ticarət, texnologiya, tranzit-logistika kimi sahələrdə tərəfdaş qismində görmək istəyir".

Gülşən Şərif


SON XƏBƏRLƏR