• Bakı 11° C

    3.21 m/s

  • USD - 1.7

    EUR - 1.9791

    RUB - 2.1951

Azərbaycan cüdosunda SKANDAL: İdmançıya üzr, şikayət gərigötürmə TƏLƏBLƏRİ QOYULDU

İDMAN

04 Dekabr 2025 | 12:31

Azərbaycan cüdosunda SKANDAL: İdmançıya üzr, şikayət gərigötürmə TƏLƏBLƏRİ QOYULDU

Bu ilin sentyabr ayında Azərbaycan Cüdo Yığmasında Tuncay Şamil və Aslan Kotsoyev arasında baş verən insidentlə bağlı yeni detallar üzə çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən Tuncay Şamil başqa ölkənin yığmasında çıxış etmək niyyətini Federasiyaya bildirdiyini, lakin buna razılıq verilməsi üçün ona bir sıra şərtlər irəli sürüldüyünü deyib.

Onun sözlərinə görə, Federasiya tərəfindən təqdim olunan siyahıda aşağıdakı öhdəliklər yer alıb:

1. Tuncay Şamil Aslan Kotsoyevə qarşı şikayət ərizəsini geri götürməlidir.

2. Tuncay Şamil mediada rəsmi çıxış edərək həm Federasiyadan, həm də Aslan Kotsoyevdən üzr istəməlidir.

3. Onun atası Zəfər Şamilov da rəsmi şəkildə üzr istəməlidir.

4. Tuncay və ailə üzvləri sosial şəbəkələrdə Aslan Kotsoyev və Federasiya ilə bağlı paylaşdıqları bütün paylaşımları və şərhləri silməlidirlər.

5. Tuncay Şamil Federasiyanın Apellyasiya və Mübahisələrin Tənzimlənməsi Komissiyasına etdiyi müraciəti geri götürməlidir.

6. O, notarial qaydada Federasiya və Aslan Kotsoyevə qarşı heç bir iddiasının olmadığı və gələcəkdə də olmayacağı barədə öhdəlik təqdim etməlidir.

7. Yalnız bu şərtlər qəbul edildiyi və icra olunduğu halda, Tuncaya digər ölkə yığması adından çıxış üçün icazə veriləcəyi bildirilib.

Tuncay Şamil paylaşımında bu tələbləri “inanılmaz şərtlər” adlandıraraq sosial şəbəkədə ictimailəşdirib.

Qeyd edək ki, daha əvvəl Azərbaycan Cüdo Federasiyası Tuncay Şamil və Aslan Kotsoyev arasında Şimali Makedoniyaya səfər ərəfəsində baş vermiş insidentlə bağlı açıqlama yaymışdı.

Federasiya bildirmişdi ki, hər iki idmançı yarışdan kənarlaşdırılıb və məsələ Nizam-İntizam Komitəsində araşdırılıb. Araşdırmanın nəticəsi olaraq, Tuncay Şamilin cüdo etik və intizam qaydalarını pozduğu üçün milli komandanın tərkibindən müddətsiz uzaqlaşdırılması və beynəlxalq yarışlara qatılmasına qadağa qoyulması barədə qərar verilmişdi.

Məsələ ilə bağlı Azərbaycan Cüdo Federasiyasından Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda Tuncay Şamil və Aslan Kotsoyev arasında baş vermiş insident məhkəmə və hüquq-mühafizə orqanları tərəfindən hüquqi müstəvidə araşdırılır. Araşdırmalar tam başa çatana və yekun hüquqi qiymət verilməyincə federasiya tərəfindən hər hansı açıqlama verilməsi mümkün deyil.

Eyni zamanda federasiya qeyd edib ki, bir idmançının digər ölkəni təmsil etməsi ilə bağlı prosedurlar Beynəlxalq Cüdo Federasiyasının “İdman və Təşkilat Qaydaları”nın (“Sport and Organisation Rules”) 1.7.1 bəndi ilə tənzimlənir. Bu qayda “İdmançının Vətəndaşlığının Dəyişdirilməsi” (“Change of Athlete Nationality”) məsələlərini əhatə edir və bütün müraciətlər, eləcə də atılacaq addımlar yalnız həmin qaydalara uyğun həyata keçirilməlidir.

Əli Hüseynov


SON XƏBƏRLƏR

03 Dekabr 2025