Xəbər verdiyimiz kimi, ABŞ prezidenti Donald Tramp İran prezidenti Məsud Pezeşkianla görüşə razılıq verib.
Onun bu görüşə razılıq verməsi beynəlxalq siyasət arenasında diqqət çəkən hadisəyə çevrilib. Uzun illərdir sanksiyalar, qarşılıqlı ittihamlar və nüvə proqramı ilə bağlı gərginliklər fonunda iki liderin görüşü münasibətlərin yeni mərhələyə keçə biləcəyi ehtimalını gündəmə gətirir. ABŞ-nin İran siyasəti son illərdə ciddi dəyişikliklərə məruz qalıb. Tramp administrasiyasının ilk dönəmində İranla münasibətlər kəskin şəkildə pisləşmiş, nüvə sazişindən çıxış və sərt sanksiyalar Tehranın iqtisadi vəziyyətini ağırlaşdırmışdı.
Bəs bu görüşün nəticələri geosiyasət üçün nələr vəd edir?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən konfliktoloq Elman Vəliyev bildirib ki, Donald Trampın siyasi kursu beynəlxalq münasibətlər sistemində bir sıra mühüm dəyişikliklərə səbəb olub:
"Onun əsas geosiyasi prioritetləri arasında Çin və Avropa İttifaqının iqtisadi gücünün məhdudlaşdırılması, İsrailin regional mövqelərinin gücləndirilməsi və İranın nüvə fəaliyyətinin çərçivələndirmək dayanır. İranla bağlı rəsmi Vaşinqton düşmənçilik ritorikasından istifadə etsə də, bu, çox zaman daxili və xarici auditoriya üçün nəzərdə tutulmuş bir strategiya olub. Əgər gələcəkdə ABŞ və İran arasında yenidən danışıqlar baş verərsə, əvvəlki razılaşmalara yenidən baxılması mümkündür və bu, beynəlxalq enerji bazarına, eləcə də Azərbaycanın enerji nəqliyyat strategiyasına təsir edə bilər".
Onun sözlərinə görə, Trampın prezidentliyi dövründə ABŞ-ın xarici siyasəti əsasən iqtisadi və təhlükəsizlik maraqları çərçivəsində formalaşıb. Konfliktoloq qeyd edib ki, Çinə qarşı sərt ticarət müharibəsi apararaq bu ölkənin dünya iqtisadiyyatındakı dominantlığını zəiflətməyə çalışıb:
"Avropa İttifaqına gəlincə, Tramp Aİ-ni həm iqtisadi rəqib, həm də NATO daxilində ABŞ-dən asılı olan struktur kimi qiymətləndirirdi. Onun məqsədi ABŞ-nin Avropadakı iqtisadi öhdəliklərini azaltmaq və Aİ ölkələrindən daha çox maliyyə töhfəsi almaq idi. İsrail məsələsinə gəldikdə isə, Tramp administrasiyası Yaxın Şərqdə İsrailin mövqelərini gücləndirmək üçün ciddi addımlar atıb. 2018-ci ildə ABŞ-nin İsraildəki səfirliyini Qüdsə köçürməsi və 2020-ci ildə ərəb dövlətləri ilə İsrail arasında münasibətləri normallaşdıran Abraham Razılaşmalarının imzalanması bunun bariz nümunələridir".
Elman Vəliyev: Azərbaycan geosiyasi şərtlərə uyğun çevik enerji strategiyası qurmalıdır
E.Vəliyevin fikrincə, ABŞ və İran arasında mümkün anlaşma Azərbaycanın enerji nəqli siyasətinə də təsir göstərə bilər:
"Hazırda Azərbaycan neft və qazının əsas ixrac istiqamətlərindən biri Avropa bazarıdır. İranın sanksiyalardan azad olması və enerji bazarına yenidən daxil olması, Azərbaycanın bu sahədəki mövqelərinə təsir edəcək. İranın enerji bazarına qayıtması Avropa üçün alternativ tədarük mənbəyi kimi qiymətləndirilə bilər. Bu isə Azərbaycanın qaz ixracı üzrə mövqelərinin zəifləməsinə səbəb ola bilər. Bununla yanaşı, İranın öz enerji infrastrukturunu inkişaf etdirməsi və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı gücləndirməsi regionda yeni nəqliyyat marşrutlarının yaranmasına gətirib çıxara bilər. Digər tərəfdən, İranın enerji bazarında aktiv iştirakı Cənub Qaz Dəhlizi layihəsinin strateji əhəmiyyətini dəyişdirə bilər. Hazırda Azərbaycan bu layihə çərçivəsində Avropaya qaz ixrac edən əsas ölkələrdən biridir. Lakin İranın bura qoşulması Azərbaycanın qaz nəqliyyatında əvvəlki dominantlığını azalda bilər".
Həmsöhbətimizə görə, Tramp administrasiyasının əsas geosiyasi məqsədləri Çin və Avropa İttifaqının iqtisadi gücünü məhdudlaşdırmaq, İsrailin mövqelərini gücləndirmək və İranın nüvə fəaliyyətini nəzarətdə saxlamaq olub:
"Gələcəkdə Trampın mümkün qayıdışı bu siyasətin davam etdirilməsinə səbəb ola bilər. ABŞ-İran münasibətlərində baş verəcək istənilən dəyişiklik Azərbaycanın enerji nəqli strategiyasına təsir edə bilər və bu, regionda yeni iqtisadi və siyasi reallıqlar yarada bilər. Azərbaycan üçün vacib olan dəyişən geosiyasi şərtlərə uyğun çevik enerji strategiyası qurmaq və alternativ bazarlara çıxış imkanlarını genişləndirməkdir".
Əli Hüseynov