Türkiyədə prezident seçkilərində ikinci tur keçiriləcək.
Bakıvaxtı.az xəbər verir ki. bu barədə Türkiyə Ali Seçki Şurasının (YSK) sədri Ahmet Yener mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Türkiyədə Prezident seçkiləri çərçivəsində ölkə daxili verilən səslərin 100%-i sayılıb.
Nəticələrə əsasən Prezident seçkilərində “Cumhur İttifaqı”nın namizədi Rəcəb Tayyib Ərdoğan 49,54%, “Millət İttifaqı”nın namizədi Kəmal Kılıçdaroğlu 44,85%, “ATA İttifaqı”nın namizədi Sinan Oğan 5,17% səs toplayıblar.
Seçkilərə 3 gün qalmış namizədliyini geri götürən “Məmləkət” partiyasının sədri Məhərrəm İncəyə isə seçicilərin 0,44%-i səs verib.
Qeyd edək ki, ilk seçkidə ən çox səs toplayan iki namizəd mayın 28-də keçiriləcək ikinci səsvermədə mübarizə aparacaq.
İkinci tur namizədlərdən heç birinin 50 faizdən çox səs qazanmadığı halda baş verir. Bu halda seçicilər birinci turda səs verdikləri məntəqələrdə yenidən seçkiyə gedirlər. Seçkinin birinci turunda səs verməyən seçicilər ikinci turda öz səslərini verə biləcəklər.















