• Bakı 11° C

    5.35 m/s

  • USD - 1.7

    EUR - 1.8453

    RUB - 1.9383

Ukrayna-ABŞ görüşü: sülh üçün vədlər, yoxsa?..

SİYASƏT

11 Mart 2025 | 16:43

Ukrayna-ABŞ görüşü: sülh üçün vədlər, yoxsa?..

Ukrayna, müharibənin təsirindən əziyyət çəkən ölkə olaraq, sülhə nail olmaq üçün intensiv səylərini davam etdirir.

Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak Səudiyyə Ərəbistanında ABŞ nümayəndə heyəti ilə aparılan danışıqlar öncəsi verdiyi açıqlamada, ölkəsinin müharibəni bitirmək məqsədilə bütün zəruri addımları atmağa hazır olduğunu bəyan edib. Yermakın sözlərinə görə, Ukrayna, beynəlxalq aləmin dəstəyini alaraq sülhün təmin olunması üçün hər cür təşəbbüsə açıqdır. Bu açıqlama, Ukraynanın müharibə şəraitində belə sülhə olan bağlılığını və regionda yeni diplomatik imkanların açılması ehtimalını ortaya qoyur.

Bəs sülh prosesinin tezləşməsindən bu fikirlərin nə dərəcədə əhəmiyyəti olacaq?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Natiq Miri bildirib ki, səsləndirilən fikirlər sadəcə olaraq sözdür, bu, prosesin reallaşması ilə bağlı fakt kimi istifadə oluna bilməz:

"Sülhə hazır olmaqla bağlı məsələlər Ukraynanın güzəşt sərhədləri ilə bağlı fikirlərindən sonra bəlli olacaq. Lakin Yermakın səsləndirdiyi fikirləri sülhlə bağlı birbaşa addım adlandırmaq, məncə, doğru olmazdı. Rəsmi Kiyevin ABŞ ilə aparılan danışıqlara konkret planla getməsi, Ukraynanın qarşısına qoyduğu məqsədləri və istəkləri daha aydın şəkildə ortaya qoyur. Bu, həm də Birləşmiş Ştatların dəstəyi ilə Ukraynanın mövqeyinin beynəlxalq səviyyədə daha möhkəm əsaslara sahib olduğunu göstərir. Lakin sülh prosesinin uğur qazanması üçün yalnız Ukraynanın istəkləri deyil, həm də beynəlxalq ictimaiyyətin və tərəflərin razılığı vacib olacaq"..

Natiq Miri: Görüşdə səsləndirilən arqumentlər gələcək danışıqlarda bir növ təməl olaraq istifadə ediləcək

Politoloq qeyd edib ki, atəşkəsin əldə edilməsi, xüsusən hava və dəniz döyüşləri sahəsində müəyyən müsbət nəticələr verə bilər, çünki bu, hər iki tərəfin böyük itkilərdən qaçınmasına və infrastruktur zərərindən qorunmasına kömək edə bilər. Lakin Ukraynanın quru sərhədlərində döyüşlərin dayandırılması məsələsi onun təhlükəsizliyi baxımından əhəmiyyətli risklər daşıyır. Bu, əslində Ukrayna tərəfinin ciddi narahatlığına səbəb ola bilər, çünki atəşkəsin başlanması, xüsusən də sərhəd bölgələrində Rusiyanın ordusunun təchizatını və hazırlığını bərpa etməsinə şərait yaradaraq, gələcəkdə yeni hücumlara yol açmaq potensialına malikdir.

N.Miri əlavə edib ki, bu görüş, şübhəsiz, hər iki tərəf üçün test əhəmiyyətli bir mərhələ təşkil edir:

"İlk növbədə, görüşdə səsləndirilən arqumentlər gələcək danışıqlarda bir növ təməl olaraq istifadə ediləcək və hər iki tərəfin mövqelərini daha da sərtləşdirə bilər. Ukrayna və Rusiya tərəflərinin müvafiq mövqeləri, ərazi bütövlüyü və suverenlik məsələləri ilə bağlı olduqca həssasdır. Hər iki ölkə münaqişənin başlamasından bəri öz ərazilərini qorumaq və genişləndirmək üçün mübarizə aparır. Bu səbəbdən, heç bir tərəf torpaqlarından imtina etməyə hazır deyil, çünki bu, onların siyasi və hərbi strateji məqsədlərinə zidd gəlir".

Son olaraq həmsöhbətimiz deyib ki, Ukrayna üçün torpaq itirilməsi yalnız ərazi məsələsi deyil, həm də milli təhlükəsizlik və gələcək müstəqillik məsələsidir. Ukraynanın ərazi bütövlüyü və Rusiya tərəfindən işğal olunan ərazilərin qaytarılması prioritet olaraq qalır. Eyni zamanda, Rusiya üçün də ərazi itirməsi, güc və nüfuz itkisi deməkdir. Bu, sadəcə bir siyasi və hərbi məğlubiyyət olaraq deyil, həm də daxili siyasətdə ciddi nəticələr doğura bilər.

Əli Hüseynov


SON XƏBƏRLƏR

11 Mart 2025