Ukrayna ərazisində sülhməramlı qüvvələrin yerləşdirilməsi planlarının həyata keçirilməsi üçün Rusiya prezidenti Vladimir Putinin razılığı tələb oluna bilər. Bu barədə “The Telegraph” nəşri məlumat yayıb.
Qəzetin diplomatik mənbələrə istinadən bildirdiyinə görə, “istəkli koalisiya” adlandırılan ölkələr qrupunun üzvləri qapalı müzakirələr zamanı etiraf ediblər ki, onların mümkün sülhməramlı missiyaya töhfəsi birbaşa Moskvanın mövqeyindən asılıdır. Mənbələrin sözlərinə görə, hazırkı geosiyasi şəraitdə Rusiyanın razılığı olmadan Ukraynada beynəlxalq sülhməramlı kontingentin yerləşdirilməsi real görünmür. Bu isə Qərb ölkələrinin regionda təhlükəsizlik təminatına dair planlarının icrasında ciddi məhdudiyyətlər yaradır.
Politoloq Xəyal Bəşirov Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Rusiya birmənalı şəkildə Qərbin sülhməramlı kontingentinin Ukraynaya yerləşdirilməsinə qarşıdır.
Onun sözlərinə görə, sülhməramlı məsələsi Rusiyanın əsas hədəfinin pozulması deməkdir:
“Rusiyanın Ukraynaya hücum etməkdə, bu ölkəni NATO-dan uzaqlaşdırmaqda məqsədi məhz elə Qərbi, Avropanı özündən kənarlaşdırmaq idi. Moskvanın niyyəti Avropa ilə arasında bufer zona yaratmaqdır. Bu gün Ukraynanın NATO-ya daxil olmasının qarşısı faktiki olaraq alınıb. Yaxın perspektivdə bu məsələnin reallaşması qeyri-mümkündür”.
Müsahibimiz qeyd edib ki, Rusiyanın nail olduğu digər mühüm hədəflərdən biri isə NATO, daha doğrusu, Avropa İttifaqının daxilində fikir ayrılıqlarının və çatların yaranmasına nail olmaqdır. Dediyinə görə, hazırda Avropa İttifaqı daxilində Rusiyaya münasibətdə, Ukrayna ilə müharibəyə yanaşmada ciddi ziddiyyətlər var:
“Düşünürəm ki, bu məsələdə ABŞ Prezidenti Donald Trampın hakimiyyətə gəlməsi amili çox böyük rol oynayır. Məhz bundan sonra Rusiya öz rolunu, mövqeyini qabartdı və bunu qarşı tərəfə qəbul etdirdi”.

Xəyal Bəşirov: Sülhməramlı məsələsi Rusiyanın əsas hədəfinin pozulması deməkdir
Analitik qeyd edib ki, ABŞ Çin faktoruna görə, Rusiya ilə yaxınlıq etməyə başladı:
“Çünki ABŞ-nin ümumi hədəfi Çindir. Hesab edir ki, Rusiyanın təbii sərvətlərlə zəngin ərazisi Çinin nəzarətinə qətiyyən keçməməlidir. Elə müharibənin uzanma səbəblərindən biri də budur. Avropa isə Çinlə müqayisədə Rusiyanı daha təhlükəli hesab edir. Qərb zəif bir Rusiya görmək istəyir. Onsuz da Rusiya iqtisadi cəhətdən xeyli zəifləyib, hərbi arsenalı tükənib. 4 il ərzində Rusiyaya qarşı 19 sanksiya paketi qəbul edilib. Amma bütün bunlara baxmayaraq, zəifləmiş Rusiya Qərb tərəfindən dəstəklənən Ukrayna ilə müharibəni hələ də davam etdirir”.
Aydın Baxış
Bakı 




