Xocalı soyqırımının 34-cü ildönümü Türkiyə Böyük Millət Məclisində (TBMM) də qeyd edilib.
Bakıvaxtı.az xəbər verir ki, tədbir Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu (TADİV) tərəfindən Azərbaycan səfirliyi ilə əməkdaşlıq çərçivəsində təşkil edilib.
Tədbirdə diplomatlar, TBMM üzvləri, siyasi partiyaların nümayəndələri, Azərbaycan və Türkiyədən insan hüquqları üzrə ombudsmanlar, rəsmi qurum və təşkilatların rəhbərləri, hər iki qardaş ölkənin ictimai rəy nümayəndələri və media nümayəndələri iştirak ediblər.
Tədbirdə Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım, Azərbaycan İnsan Hüquqları üzrə Vəkili (Ombudsman) Səbinə Əliyeva, Türkiyənin Baş İctimai Ombudsmanı Mehmet Akarca, AK Partiya İstanbul millət vəkili və TBMM-nin Xaricdəki Türklər və Əqrəba İcmaları Alt Komitəsinin sədri Seda Gören Bölük, CHP Qrupunun sədr müavini Gökhan Günaydın, Ahmet Erbaş, MHP Kütahya millət vəkili, Daxili İşlər Komitəsinin sədr müavini və TBMM Azərbaycan Dostluq Qrupunun üzvü; İYİ Partiyasının Türk Dünyası üzrə məsul sədr müavini və Adana millət vəkili Ayyüce Türkeş Taş; Yeni Yol Partiyasının sədri İzzettin Küçük; Azərbaycanın Türkiyədəki səfiri Dr. Rəşad Məmmədov və TADİV-in prezidenti Prof. Dr. Aygün Attar çıxış edərək soyqırımının beynəlxalq ictimaiyyətə daha təsirli və qətiyyətlə çatdırılmasının vacibliyini vurğulayıvlər. Natiqlər tarixi ədalətin bərqərar olmasını, regional sülh prosesini və Azərbaycanın ərazi bütövlüyü bərpa edildikdən sonra həyata keçirilən sülh və yenidənqurma səylərini qiymətləndiriblər.
Xocalıda baş verənlərin yalnız azərbaycanlılara qarşı soyqırım deyil, həm də insanlığa qarşı ağır cinayət olduğu və beynəlxalq ictimaiyyətin oxşar faciələrin bir daha baş verməməsi üçün məsuliyyəti bölüşməli olduğu vurğulanıb.
Tədbirin məqsədi yalnız ağrını bölüşmək deyil, həm də ədalət axtarışını güclü şəkildə ifadə etmək, gələcək nəsillər üçün sülhü və humanitar dəyərləri müdafiə etmək kimi təsvir edilib.
Bakı 















