İranla ABŞ arasında danışıqların ikinci raundunun başa çatması və tərəflərdən ehtiyatlı da olsa müsbət siqnalların gəlməsi ilk baxışda diplomatik dinamikanın qorunduğunu göstərir.
Lakin paralel olaraq bölgədə hərbi aktivliyin artması, sərt bəyanatların intensivləşməsi və qarşılıqlı təhdid ritorikasının yüksəlməsi vəziyyətin son dərəcə kövrək olduğunu ortaya qoyur. Diplomatiya masa arxasında davam edir, amma sahədə psixoloji və hərbi təzyiq mexanizmləri eyni vaxtda işlədilir.
ABŞ-nin regiona ciddi hava və dəniz gücü cəmləməsi təsadüfi addım deyil. Bu, bir tərəfdən real hərbi planlamanın elementi ola bilər, digər tərəfdən isə danışıqlarda üstünlük qazanmaq üçün güc rıçağıdır. Vaşinqton açıq şəkildə “hərbi variant”ın mövcud olduğunu vurğulayır. İran isə cavabında bildirir ki, hər hansı hücum regional miqyasda geniş nəticələr doğuracaq və ABŞ bazaları hədəfə çevriləcək. Bu mərhələdə qarşılıqlı çəkindirmə mexanizmi maksimum səviyyədə işə salınıb.
Ən mühüm sual budur: ABŞ həqiqətən genişmiqyaslı zərbə planlaşdırır, yoxsa bu, danışıqları sürətləndirmək üçün hesablanmış təzyiq strategiyasıdır? İranın coğrafi miqyası, asimmetrik cavab potensialı və regionda proksi təsir imkanları birbaşa və uzunmüddətli hərbi müdaxiləni son dərəcə riskli edir. Bu səbəbdən daha real görünən ssenari məhdud və hədəfli hava əməliyyatlarıdır. Lakin burada da paradoks yaranır: məhdud zərbə İranı zəiflətmək əvəzinə daha sürətli səfərbərlik və daxili konsolidasiya yarada bilər.
Tarixi təcrübə göstərir ki, xarici təzyiq İran sistemində bəzən zəifləmə deyil, əksinə sərtləşmə və institusional möhkəmlənmə effekti doğurur. Bu baxımdan genişmiqyaslı imha strategiyası yüksək maliyyətli və siyasi baxımdan çətin görünür, məhdud “təsir” strategiyası isə gözlənilməz nəticələr riski daşıyır.
Nəticə etibarilə, hərbi müdaxilə ehtimalı nəzəri çərçivədən çıxaraq real risk parametrinə çevrilsə də, strateji rasionalizm hələ də diplomatik masanı ən az maliyyətli seçim kimi saxlayır. Güc nümayişi davam edir, lakin tərəflərin hər ikisi yaxşı anlayır ki, genişmiqyaslı müharibənin nəticələri nəzarət edilə bilən olmayacaq.
Ruslan Zəngəzur
Bakı 




