• Bakı 26° C

    1.72 m/s

  • USD - 1.7

    EUR - 1.9952

    RUB - 2.1757

Ukraynanın diplomatik heyətində kadr fırtınası: məqsəd nədir?

DÜNYA

10 Iyul 2025 | 10:17

Ukraynanın diplomatik heyətində kadr fırtınası: məqsəd nədir?

Rusiyanın hərbi təcavüzünün dördüncü ilinə keçən Ukrayna, xarici siyasət cəbhəsində də yeni taktiki addımlar atır.

Məlumata görə, prezident Volodimir Zelenski 20-yə yaxın ölkədə - o cümlədən ABŞ, G7 və G20 paytaxtlarında - səfirləri geri çağıraraq, onların yerinə yeni diplomatların göndərilməsini qərara alıb.

Maraqlıdır, Ukrayna niyə məhz indi xarici diplomatik korpusunu bu miqyasda yeniləmək ehtiyacı hiss etdi?

Məsələni Bakıvaxtı.az-a şərh edən politoloq Züriyə Qarayevaya görə, birincisi, uzunmüddətli rotasiya prinsipidir - bəzi səfirlər beş-səkkiz ildir eyni postdadır və artıq “yeni nəfəs” lazımdır. İkincisi, 2024-cü ilin sonundan bəri Kiyevin məqsədi diplomatik missiyaları təbliğat alətinə çevirməkdir: yəni səfirlər yalnız protokol tədbirlərində deyil, informasiya müharibəsində də ön cərgədə olmalıdırlar:

“Üçüncüsü, Ukrayna indi Avropa İttifaqına üzvlük danışıqlarına və uzunmüddətli təhlükəsizlik paktlarına start verir; təcrübəli, lakin fəal diplomatlar Kiyevin danışıqlardakı mövqeyini gücləndirəcək”.

Müsahibimiz qeyd edib ki, seçilən kadrların əksəriyyəti ictimai diplomatiya, sosial media strategiyaları və konkret ölkənin daxili siyasi mətbəxi üzrə ixtisaslaşıb:

“Misal üçün, Vaşinqton və Brüsseldə irəli çəkilən diplomatlar ABŞ Konqresi və Aİ institutlarında uzun illər işləyib, mediada isə “tanınan simalardır”. Bu o deməkdir ki, Ukraynanın arqumentləri indi təkcə hökumət dairələrində deyil, ictimai rəy istehsal edən kanallarda da daha təsirli səslənəcək. Paralel olaraq, rusiyapərəst narrativlərə real-vaxt rejimində cavab vermək imkanı genişlənir”.

Züriyə Qarayeva: Kadr dəyişikliyi Ukraynanın postmüharibə iqtisadi strategiyasını Qərb kapitalları ilə sinxronlaşdırmaq cəhdidir

“ABŞ, eləcə də digər G7/G20 paytaxtlarında səfirlərin dəyişdirilməsi Kiyevlə Qərb arasında münasibətləri necə yeniləyə bilər” sualını cavablandıran Z.Qarayeva bildirib ki,burada iki istiqamət var. Birincisi, təhlükəsizlik: Kiyev uzunmüddətli müdafiə sazişlərinə nail olmaq istəyir və yeni səfirlər təkcə administrasiyalarla deyil, qanunverici və biznes dairələri ilə də işləməyə hazır şəxslərdir. İkincisi, bərpa gündəliyi: 2025-ci ilin payızında Böyük Yenidənqurma Konfransına hazırlıq gedir və investisiya paketlərinin formalaşmasında səfirlərin şəbəkəsi həlledici olacaq.

Onun sözlərinə görə, deməli, kadr dəyişikliyi həm də Ukraynanın postmüharibə iqtisadi strategiyasını Qərb kapitalları ilə sinxronlaşdırmaq cəhdidir. Qısası, bu rotasiya Kiyev-Qərb əlaqələrini növbəti mərhələyə - “strateji müttəfiqlikdən institusional inteqrasiyaya” - daşımaq niyyətinin siyasi siqnalıdır.

Zülfü Məmmədov


SON XƏBƏRLƏR