• Bakı 24° C

    2.34 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Unutmuruq, unutdurmuruq...

CƏMİYYƏT

20 Yanvar 2022 | 15:50 | Müəllif: Qalib İbrahimoğlu

Unutmuruq, unutdurmuruq...

1990-cı il yanvarın 20-də Bakıda törədilən faciədən 32 il ötür.

Bakıvaxtı.az xəbər verir ki, səhər saatlarından Bakıda qarlı-şaxtalı hava olmasına baxmayaraq, uşaqlı-böyüklü hamı şəhidlərini ehtiramla yad etmək üçün Şəhidlər xiyabanına üz tutur.

“Tankın üstümə gəldiyini gördüm” - Hadisənin şahidi

20 Yanvar hadisəsinin şahidi İnqilab Məmmədov həmin günü belə xatırlayır: “Təcili yardım maşınında sürücü idim. Şəhərin hər tərəfində yaralılar var idi. Mənim üçün o gecəni xatırlamaq çox ağırdı” deyən İ.Məmmədov gözünü bir nöqtəyə zilləyib susur.

... Sözünə davam edir ağsaqqal. Deyir ki, maşından düşüb yaralılara kömək etməyə çalışarkən, rus əsgərinin acıqlı şəkildə maşının üstündəki ayparanı sındırmağa çalışdığını görüb: “Mən ona qışqıraraq “nə edirsiniz, niyə insanları qırırsınız?” dedim. O isə əli ilə məni itələdi, sonra tankın üstümə gəldiyini fərq etdim. Amma o anda sanki mənə cəsarət gəlmişdi, heç yerə tərpənmirdim. Yaralını aparmağa çalışırdım. Sonra sanki Allah qorudu məni, tank istiqamətini dəyişdi. Mən dəhşətə gəlmişdim. Tank “Respublikanski”ni nişan aldı və bütün pəncərələri atəşə tutdu. Heç faşistlər belə bu hərəkəti etməmişdi. Rus əsgərləri çox qəddar və vəhşi idilər. O faciədə mənim bir neçə iş yoldaşım da həlak oldu (ağlayır)”.

Danışa bilmir İnqilab dayı. “Allah bütün şəhidlərimizə rəhmət eləsin” deyib ziyarətini davam etdirir…

 

“İlham-Fərizənin yarımçıq qalmış sevgisi məni çox ağrıdır”

 Şəhidləri ziyarətə gələn Südabə Salmanzadə isə deyir ki, ona ən çox İlhamla Fərizənin yarımçıq qalmış sevgisi ağır təsir edir: “Yaşım azdı, hadisənin şahidi olmamışam. Amma bu gün, bu tarix hamımızda eyni hissləri oyadır. Bu tarix bütün Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsib edir. 20 Yanvar günü bizim qanlı tariximizdi. Bu gün baş verən hadisə rusların hansı səviyyədə bir millət olduğunu sübut edir. Günahsız insanların ölümü, yarım qalmış sevgi hekayələri insanı çox incidir”.

“Biz xalq olaraq daim çox ağır imtahanlarla sınansaq da heç vaxt birliyimizi itirməmişik və itirməyəcəyik” deyən Südabə Salmanzadə Fərizəylə İlhamın şəklini sinəsinə sıxır.

İnsanların Şəhidlər xiyabanına axını davam edir. Xalq şəhidlərini unutmur, unutdurmur…

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026