• Bakı 22° C

    4.52 m/s

  • USD - 1.7

    EUR - 1.9747

    RUB - 2.3176

Uşaq ədəbiyyatının böyük problemləri

CƏMİYYƏT

04 Dekabr 2021 | 14:53

Uşaq ədəbiyyatının böyük problemləri

​​İllərdir aktual olan problemlərdən biri də uşaq ədəbiyyatı nümunələrinin az yazılmasıdır. Belə ki, Azərbaycan dilində yazılan, müasir dövr uşaqlarına xitab edən ədəbiyyat nümunələri az olduğundan valideynlər övladlarına hansı kitabı alacağını bilmir. Nəticədə, uşaqlarda kitablara maraq da getdikcə azalır.

Bəs uşaq ədəbiyyatı numunələrinin az yazılmasının səbəbi nədir? Problemi necə həll etmək olar.

Zahid Xəlil: “Ənənəvi tərbiyə modeli köhnəlib”

Uşaq ədəbiyyatı yazarı, professor Zahid Xəlil Bakıvaxtı.az-a bunun bir sıra səbəbinin olduğunu bildirib. Onun sözlərinə görə, əvvəla, indi uşaq kitabları çox bahadır, hamı üçün əlçatan deyil: “İkincisi, mobil texnika uşağa lazım olanları daha tez çatdırır. Üçüncüsü, uşaq kitablarının mövzusu yeniləşməlidir”.

Ənənəvi tərbiyə modelinin köhnəldiyin deyən professor bu modelin uşağı az maraqlandırdığını bildirib. Z.Xəlilin dediyinə görə, əlbəttə, bütün mövzular bizi əhatə edən, uşaqların da hər gün təmasda olduqları həyatdan götürülür, lakin əsər müasir dövrün ruhuna uyğun bir ahənglə yazılmalıdır: “Əgər biz nəyisə tərənnüm ediriksə, əsərin ruhunda (burada təkcə ritm, ahəng, harmoniya nəzərdə tutulmur) bu günün tələbi - hadisələrin sürətli yerdəyişməsi, maraqlı və cəlbedici olması, ən başlıcası uşağın marağına səbəb olan həyat hadisələri ilə zəngin şəkildə vermək baçarığı tələb olunur. Uşaq onu əhatə edən mühitih həqiqətə yaxın mənzərəsini görmək istəyir. Əgər uşaq bu hadisələrin içində öz obrazına yaxın bir şəxsin həyatını görsə, o, həmin kitabı sevəcək. İndi bir sıra kitabların adında bu tələblərə uyğun cəhətləri görürük. Amma adla uşağı bircə dəfə aldatmaq olar...”

Həmsöhbətimiz aşağı yaş qrup (2-5) üçün az əsər yazıldığını deyir. Onun sözlərinə görə, bu yaş cəmi iki-üç cümlədən ibarət, amma müdrik fikir ifadə etməlidir: “Yumoristik olmalıdır. Buna ən yaxşı nümunə Korney Cukovskinin "От двух до пяти "(İkidən beşə) kitabıdır. Bu yaşda uşaqlarda oxuya maraq oyatsaq, sonra asan olacaq”.

Solmaz Amanova: “Əsas problem uşaq kitablarının az reklam olunmasıdır”

Uşaq ədəbiyyatı yazarı Solmaz Amanova isə hesab edir ki, əsas problem uşaq kitablarının az reklam olunmasıdır: “Mən uşaq ədəbiyyatına aid kitablar yazıram. Bir ilin içində “Şuşanın sehrli açarları”, “Gözün ayda olsun”, “Cəsur ayı və dostları”, “İlmənin macəraları” adlı beş kitabım çapdan çıxıb”.

Uşaq ədəbiyyatına aid əsərlərin az olmasının səbəblərini sadalayan S.Amanova bildirib ki, pandemiya dövründə uşaqlar məktəbə getmir, valideynlər əvvəlkindən daha çətin və az pul qazanır: “Azərbaycanda neçə nəfər uşaq yazarı var?! Azərbaycanda xarici dillərdən tərcümə olunmuş nağıllar çapdan çıxır. Bu il keçirilən Bakı Beynəlxalq Kitab Sərgisində yeni uşaq ədəbiyyatı kitab nümunələri də vardı. Az sayda olsa da, uşaq ədəbiyyatına aid kitablar çıxır. Bundan başqa, türk dilindən tərcümə olunmuş gözəl nağıllar, mənim öz nağıllarım işıq üzü görüb. Bu nağıllar Təhsil Nazirliyi tərəfindən uşaqların oxuması üçün bütün məktəb kitabxanalarına alınıb. Beləliklə, kitab almaq imkanı olmayan valideynlər məktəb kitabxanasına müraciət edə bilərlər”.

Onun sözlərinə görə, sosial şəbəkələrdə də uşaq ədəbiyyatı nümunələri az reklam olunur. Reklamın olması üçün telekanallarda nağıl saatını bərpa etmək, dünyada birinci yerə çıxmış uşaq ədəbiyyatı əsərlərini tanıtmaq lazımdır: “Azərbaycan ədəbiyyatında irsimizi tanıdan və vətənpərvərlik ruhunda xarici dillərdə yazan yazarlar başqa ölkələrə göndərilir. Misal üçün, mən üç ildir xaricdə keçirilən Astrid Lindgren Memorial Award mükafatı tədbirində Azərbaycanı təmsil edirəm, heç o yerlərdə ermənilərin kitabları yoxdur. Burada media nümayəndələrinin də rolu olmalıdır. Media nümayəndələri uşaq yazarlarının hansı yeni kitablar yazdığını, bu günün tələblərinə uyğun olub-olmadığını, hansı səviyyədə alındığını bilmədilir. Təsəvvür edin ki, əsasında 32 bölüm cizgi filmi çəkilmiş “İlmənin macəraları” adlı gözəl kitabı nazirlik sinifdənxaric oxu kimi təsdiq edib. Müəllimlər bu kitabın uşaqlara oxutdurmaq lazım olduğunu bilmir. Baxın, bu cür reklam problemləri var. Valideyn, onsuz da, kitab almağa gedirsə, görüb alır. Amma valideyn hansı kitabı seçəcəyini bilmir”.

Müsahibimiz onu da deyib ki, bütün dünyada uşaq yazarları azdır: “Azərbaycanda maksimum 6-7 nəfər uşaq yazarı var, biz yazırıq, problem oxunmadadır. Bunun da səbəbi, yenə deyirəm,  reklamın zəif olmasıdır”.

Aytac Aslan

 


SON XƏBƏRLƏR

05 Iyun 2026