• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Uşaqlar arasında qripə yoluxma halları artıb - Valideynlər narahatdır

CƏMİYYƏT

15 Dekabr 2021 | 16:29 | Müəllif: Qalib İbrahimoğlu

Uşaqlar arasında qripə yoluxma halları artıb - Valideynlər narahatdır

Son zamanlar, əhali, xüsusən uşaqlar arasında qripə yoluxma halları artıb. Valideynlər övladlarının xəstəlikdən gec sağalmasından narahatdırlar.

Həkim-pediatr Günay Rəsulovanın Bakıvaxtı.az-a dediyinə görə, hər il olduğu kimi, bu il də payız, qış aylarına doğru uşaqlar arasında üst tənəffüs yolu xəstəlikləri çox yayılıb: “Bizim ən çox gördüyümüz virus infeksiyaları ilə bağlı üst tənəffüs yolu şikayətləridir. Bunlar rhinovirus, adenovirus, influenza, parainfluenza, enterovirus və səpki ilə gedən koksaki viruslardır. Həmçinin bronxit, pnevmoniya kimi infeksiyalar da uşaqlar arasında çox yayılıb”.

G.Rəsulova deyir ki, bu, uşaqların vaxtlarının çox hissəsini qapalı məkanlarda keçirməsilə bağlı olur. Onun sözlərinə görə, ilk beş yaşa qədər uşaqların immuniteti hələ tam formalaşmadığı üçün onlar xəstələnə-xəstələnə təbii immuniteti formalaşdırırlar: “Bu halı beş yaşa qədər olan uşaqlarda daha çox görürük, məktəb yaşına qədər nisbətən say azalır. Ona görə həmişə deyirik ki, bağça yaşlarında olan uşaqların ildə ən azı 5-6 dəfə üst tənəffüs yolu xəstəliyi keçirməsi normaldır. Belə hallarda mütləq ağırlaşmalara diqqət etməliyik ki, uşaqda pnevmoniya olmasın və xəstəxanaya yatırdacaq qədər pis vəziyyət yaranmasın”.

Həkim bildirib ki, uşaqları qripdən qorumaq üçün valideynlər onların burun tənəffüsünün normal olmasına fikir verməli və havaya uyğun geyindirməlidirlər: “Həmçinin, yuxu və qidalanmanın normal olmasının uşağın immun sistemində çox vacib rolu var. Xəstə uşaqları məktəbə, bağçaya göndərməsinlər. Həm uşağın vəziyyətinin daha da ağırlaşmaması, həm də xəstəliyi başqalarına keçirməməsi üçün həkim nəzarətində müalicə olunmalıdır”.

Müsahimiz deyib ki, vrus xəstəliklərində müalicə, əsasən, simptomlara yönəlik aparılır: “Bir daha qeyd edirəm, uşaqları xəstəlikdən qorumaq üçün burun tənəffüs yolunun açıq olmasına fikir verməli, çoxlu maye içirtməlidirlər. Böyük yaşlı uşaqdırsa, mütləq duzlu su ilə qaraqara etsin. Həmçinin uşaqları bol vitaminli qidalarla qidanlandırıb vaxtında yatırsınlar. Əlavə olaraq, uşaqların profilaktik peyvəndlərinin vaxtında edilməsi də mütləqdir. Çünki profilaktik peyvəndləri vaxtında edilməyən uşaqların immun sistemi daha zəif olur və üst tənəffüs yolu xəstəliklərinə daha meyilli olurlar”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026