Türkiyədə baş verən zəlzələ hər kəsdə travmalar yaradır, qorxuya salır. Xüsusilə, dağıntılar altından çıxarılan uşaqların pxiologiyasının necə olacağı hər kəsə maraqlıdır.
Psixoloq Günay Kəriminin Bakıvaxtı.az-a dediyinə görə, elm günü gündən inkişaf etsə də, təəssüf ki, insan hələ də təbii fəlakətlərin qarşısında acizdir: “İnsanlar şiddətli zəlzələlərlə qarşı-qarşıya qalır və fəsadlarını yaşayırlar. Bu da bir çoxlarında travmaya səbəb olur. Əfsuslar olsun ki, uşaqlar da bu travmalara məruz qalır”.
Psixoloq deyir ki, zəlzələ zamanı dağıntılar, uçqunlar, ailələrinin itkisi onlarda ağır travmaların yaranmasına yol açır. Kiçik yaşlarda olan uşaqlar çox da anlamadıqları üçün yenidən həyata adaptasiya almaqda böyüklər qədər çətinlik çəkmirlər. Lakin yaşadıqlarının fərqində olan, valideynlərinin yoxluğunu anlayan uşaqıar bunun psixoloji fəsadlarını yaşayırlar.

Günay Kərimi, psixoloq
G.Kərimi qeyd edib ki, uşaqlıq dövrü insanın psixikasının təməlinin qoyulduğu, formalaşdığı mühüm bir dövrdür: “Ona görə də, bu yaşda onlara istənilən psixoloji vəziyyət uzunmüddətli mənfi və müsbət təsir göstərə bilər. Uşaqlıqdan yaranan psixoloji pozuntular həmin dövrlə bərabər gələcəkdə də sosial inkişafın zəifləməsinə, ünsiyyət qurmaqda çətinliklərin yaranmasına, dostluq münasibətləri qura bilməməsinə və kollektivlərə adaptasiya olmaqda problem yaşamalarına gətirib çıxarır. Xüsusilə uşaqlıq dövründə yaşanan travmalar, fəsadları uzun müddət davam edə bilir. Ona görə də, vaxtında aşkar olunub aradan qaldırılması çox vacibdir”.
Müsahibimiz vurğulayıb ki, uşaqlarda travmaların yaranmaması üçün kiçik yaşlarda valideynləri, bağça və məktəb psixoloqları tərəfindən təbii fəlakətlər haqqında məlumatlandırılmalıdırlar: “Onların başa düşəcəyi dildə bu zaman nə etməli olduqları izah edilməlidir ki, belə hadisələrlər qarşılaşdıqları zaman qorxularını idarə etməyi bacarsınlar”.
Aytac Aslan
















