Qanunvericiliyə təklif edilən dəyişiklik layihəsinə görə, istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışının, habelə elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalının 2022-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad edilməsi nəzərdə tutulur.
Bu layihədə nəzərdə tutulan minik avtomobillərin qiyməti 40.000 manatdan başlayır. Həmin nəqliyyat vasitələrini isə ancaq varlı təbəqənin almaq imkanı var.
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfər Bakıvaxtı.az-a bildirib ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) ölkələr qarşısında qoyduğu vəzifə əsasında bu kimi addımlar atılır.
“Ekoloji təmiz avtomobillərin idxalının stimullaşdırılması məsələsi 2019-2023 cü illəri əhatə edən dövlət proqramında təsbit olunub. Bu rüsumlardan azadolma, azaldılma və ləğvedilmə kimi tədbirlər bütün dünyada var. Xüsusən də Avropa və ABŞ-da. Atmosferin CO2 qazından qurtulmasının məqsədi kimi BMT də ölkələr qarşısında vəzifə qoyub. Hər bir ölkə bu öhdəliklərə əməl etməlidir”, - deyə E.Cəfər bildirib.
Ramid İbrahimov
















