ABŞ Prezidenti Donald Tramp administrasiyasının Ukraynaya maliyyə və hərbi yardımı dayandırması Vaşinqton-Kiyev münasibətlərində son illərin ən ciddi dönüş nöqtələrindən biri hesab olunur.
Ağ Evin sözçüsü Kerolayn Levitt bu qərarı Ukraynada “dərin korrupsiya iddiaları” ilə izah edərək bildirir ki, ABŞ artıq Kiyevə “limitsiz və nəzarətsiz” dəstək göstərməyəcək. Tramp administrasiyası iddia edir ki, Ukraynada ABŞ vergi ödəyicilərinin milyardlarla dollarının necə xərclənməsi ilə bağlı şəffaflıq yoxdur və yardım mexanizminin yenidən qurulmasına ehtiyac yaranıb.
Lakin ekspertlərə görə, məsələ yalnız korrupsiya ittihamları ilə məhdudlaşmır. Bu addım həm də ABŞ-nin yeni geosiyasi prioritetlərinin formalaşması fonunda dəyərləndirilməlidir. ABŞ-nin diqqətini Çinlə qlobal rəqabətə yönəltməsi, Avropanın müdafiə yükünü öz üzərinə götürməyini tələb etməsi və Ukraynada uzunmüddətli müharibədən yorulması bu qərarın arxasındakı əsas amillər kimi göstərilir. Məhz bu səbəbdən Tramp administrasiyasının mövqeyi təkcə Ukraynaya yardımın dondurulması deyil, həm də beynəlxalq təhlükəsizlik sistemində yeni balansın qurulması cəhdi kimi qiymətləndirilir.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Züriyə Qarayeva bildirib ki, korrupsiya Ukraynada həqiqətən ciddi problemdir və bunu həm Qərb analitikləri, həm də Ukrayna siyasətçiləri etiraf edir. Lakin Tramp administrasiyasının verdiyi qərarın əsas motivinin yalnız korrupsiya olduğunu iddia etmək doğru olmaz. Dediyinə görə, ABŞ uzun müddətdir ki, Ukraynaya ayrılan vəsaitlərin necə xərcləndiyini izləməkdə çətinlik çəkir və bu, Vaşinqtonda narazılıq yaratmışdı:
“Buna baxmayaraq, bu qərarın arxasında daha geniş geosiyasi hesablamalar dayanır. Tramp administrasiyası ABŞ-nin Avropanın təhlükəsizliyi üçün limitsiz xərc çəkməsini məqsədəuyğun hesab etmir. Ona görə, korrupsiya arqumenti real olsa da, bu addımın yalnız bir hissəsini izah edir”.
Müsahibimiz hesab edir ki, ABŞ-nin dəstəkdən geri çəkilməsinin əsas səbəbi daha çox strateji prioritetlərin dəyişməsi ola bilər. Onun sözlərinə görə, bu, daha inandırıcı izah hesab olunur və Trampın geosiyasi baxışları ilə də üst-üstə düşür.
Politoloq bildirib ki, ABŞ hazırda qlobal rəqabətdə Çini bir nömrəli təhdid kimi görür və resurslarını Asiya-Sakit okean regionuna yönəltməyə çalışır:
“Ukraynaya milyardlarla dollar dəstək Vaşinqton üçün artıq strateji yükə çevrilib və bu yükün bir hissəsinin Avropa tərəfindən qarşılanması tələb olunur. Bu yanaşma Trampın əvvəlki prezidentliyi dövründə də açıq şəkildə duyulurdu. ABŞ üçün prioritet bölgələr dəyişdikcə, Ukraynaya dəstək də avtomatik olaraq zəifləyir. Bu baxımdan yardımın dayandırılması geosiyasi prioritetlərin yenidən bölüşdürülməsi kimi dəyərləndirilə bilər”.
Bu qərarın Ukrayna-ABŞ münasibətlərinə təsirinə gəlincə, Z.Qarayeva qeyd edib ki, qısa müddətdə münasibətlərdə müəyyən soyuqluq və qarşılıqlı narazılıq müşahidə olunacaq. Ukrayna rəhbərliyi ABŞ-dan gələn hərbi və maliyyə axınının kəsilməsini ciddi risk kimi qiymətləndirir:
“Lakin Ukrayna ABŞ üçün tam olaraq strateji tərəfdaş kateqoriyasından çıxmır, sadəcə prioritet səviyyəsi dəyişir. Vaşinqton Kiyevi real danışıqlara və məsuliyyət bölgüsünün yenidən qurulmasına yönləndirməyə çalışır. Qarşıdakı aylarda Ukraynanın daxili siyasi sistemində də bu qərarın təzyiqi hiss olunacaq”.

Züriyə Qarayeva: Yardımların dayandırılması diplomatik məcburetmə effekti də yarada bilər
Həmsöhbətimiz bildirib ki, uzunmüddətli perspektivdə isə tərəflər daha balanslı və qarşılıqlı öhdəliklərə əsaslanan yeni münasibət formatı qurmağa məcbur qalacaqlar.
Qarayeva bildirib ki, Ukraynanın cəbhədəki döyüş qabiliyyəti ABŞ dəstəyindən çox asılı olduğuna görə, bu qərar qısamüddətli perspektivdə hərbi dinamikanı zəiflədə bilər:
“Ağır artilleriya, sursat, hava hücumundan müdafiə sistemləri və maliyyə dəstəyi olmadan Ukraynanın davamlı müqavimət göstərməsi çətinləşəcək. Bu vəziyyət Rusiyanın bəzi istiqamətlərdə üstünlük qazanmasına şərait yarada bilər”.
Politoloq görə, lakin eyni zamanda bu təzyiq Ukraynanı danışıqlar masasına daha yaxınlaşdıra bilər. Tramp administrasiyası da məhz bu mexanizmdən istifadə edərək müharibəni daha sürətli siyasi fazaya keçirməyə çalışır.
“Yəni yardımların dayandırılması təkcə hərbi nəticələr deyil, diplomatik məcburetmə effekti də yarada bilər”, - deyə Züriyə Qarayeva qeyd edib.
Zülfü Məmmədov
Bakı 



